Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkmək, faşist və işğalçı ideologiyadan imtina etməkdir

Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkmək, faşist və işğalçı ideologiyadan imtina etməkdir

Hər bir xalqın tarixində daim fəxarət və milli qürur hissi ilə xatırlanan, milyonlarla insanın taleyini dəyişərək yeni parlaq səhifələrə yol açan şərəfli təqvim günləri olur. Sentyabrın 27-si bu mənada xalqımızın 30 illik yurd nisgilinə, torpaq həsrətinə son qoyan, onun milli özgüvənini qaytaran əlahiddə tarixi gündür. 1 il əvvəl qətiyyətli liderin siyasi iradəsi, “İrəli!” əmri ilə ayağa qalxan Azərbaycan xalqı son əsrlərdəki tarixinin ən parlaq salnaməsini yazdı: rəşadətli ordumuz cəmi 44 gün ərzində işğal damğasını döyüş meydanında üzərindən atmağı bacardı.

2018-ci ildə müəyyən xarici ölkələrin Ermənistanda reallaşdırdığı inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın danışıqların uzun illər ərzində formalaşmış formatını dəyişmək, Qarabağdakı qeyri-qanuni rejimi münaqişə tərəfi kimi qəbul etdirmək cəhdləri, ciddilikdən uzaq olan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, Azərbaycan ərazilərinə qanunsuz səfərlər etməsi, Şuşa şəhərində yallı getməsi qarşı tərəfin sülh danışıqlarında maraqlı olmadığını aşkar şəkildə göstərirdi. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın ABŞ-a rəsmi səfəri zamanı səsləndirdiyi “Yeni torpaqlar üçün yeni müharibə” çağırışı vəziyyəti daha da gərginləşdirmişdi.
Prezident İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiyanın “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistanın işğalçılıq siyasətinin ifşasına geniş yer ayıraraq “Qarabağ Azərbaycandır və nida işarəsi” bildirmişdir.
2020-ci ilin iyul ayına təsadüf edən Tovuz döyüşləri, avqust ayında diversiya hazırlayan erməni təxribatçı qrupunun zərərsizləşdirilməsi, eləcə də Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın işğal altındakı ərazilərdə qeyri-leqal hərbi təlimdə iştirakının ictimailəşdirilməsi Vətən müharibəsi ərəfəsində gərginliyi pik həddə çatdırmışdır. Ermənistan tərəfinin bu qəbildən olan təhrikedici bəyanatları ölkəmiz tərəfindən haqlı olaraq sülh danışıqlarından imtina cəhdi kimi qiymətləndirilmişdir.
Bütün bunların fonunda münaqişənin sülh yolu ilə həlli istiqamətindəki cəhdlərin iflasa uğraması, Ermənistanın destruktiv davranışlarını davam etdirməsi münaqişənin yenidən alovlanmasına gətirib çıxarmışdır. Hərbi əməliyyatları şərtləndirən əsas səbəblərdən biri də Ermənistanın təxribatçı əməllərinin miqyasını 2021-ci ilin iyul-sentyabr aylarında daha da genişləndirməsi, İrəvanın güc yolu ilə ölkəmizin digər ərazilərini ələ keçirmək niyyətini açıq şəkildə bəyan etməsi olmuşdur. Nəhayət, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “İrəli!” əmri əsasında Azərbaycan Ordusu düşmənin təxribatlarına, ümumilikdə işğalına son qoymaq üçün sentyabrın 27-dən etibarən “Dəmir yumruq” əməliyyatı adı altında genişmiqyaslı əks-həmlə əməliyyatlarına başlamışdır.
44 gün ərzində döyüş meydanında qazanılmış parlaq hərbi qələbə əslində uzun illər boyu aparılmış danışıqlar prosesində ölkəmizin haqlı və prinsipial mövqeyini qətiyyətlə qorumuş Prezident İlham Əliyevin müdrik fəaliyyətinin, Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsinin, xalq-iqtidar birliyinin nəticəsi olmuşdur. Xalqımız bir daha əmin olmuşdur ki, dövlət başçısı nəyi nə zaman və necə edəcəyini yaxşı bilir, bütün addımları ən xırda detallarına qədər hesablayır.
Vətən müharibəsindəki zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin Cənubi Qafqaz regionunda ən abad, müasir zonaya çevriləcəyini bəyan etmişdir. Qısa zamanda regionda mühüm infrastruktur layihələrinin icrasına başlanılması, Suqovuşana və Talış kəndinə, eləcə də Füzulidən Şuşa şəhərinə yeni yolların çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilərək istifadəyə verilməsi, Zəngilan və Kəlbəcər hava limanlarının təməlinin qoyulması, dəmir yollarının bərpasına başlanılması, “ağıllı kənd”, “ağllı şəhər”, “yaşıl enerji” kimi innovativ layihələrin icrası, Şuşa şəhərində aparılan yenidənqurma işləri, Ağdam şəhərinin baş planının təsdiq edilməsi və digər tədbirlər dövlət başçısının ərazilərimizin bərpası və yenidənqurulmasına həssas münasibətinin bariz göstəricisidir.
Şübhəsiz, 30 ilə yaxın müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən iqtisadi təsərrüfat dövriyyəsinə cəlb edilməsi ölkəmizin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, həyata keçirilən quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını möhkəmləndirəcək, Azərbaycanın inkişafında yeni mühüm mərhələ açacaqdır.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı bəyan etdiyi kimi, bu gün Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkmək, faşist və işğalçı ideologiyadan imtina etməkdir. Yalnız bu cür konstruktiv yanaşma əsasında sərhədyanı ərazilərdəki hərbi münaqişələrə birdəfəlik son qoyulması, qarşıdurma riskinin aradan qaldırılması, münaqişə səhifəsinin birdəfəlik bağlanması mümkündür.

Əli Nəcəfov,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin müəllimi

7-10-2021, 19:10



Fikirlər