[center]

[/center]
Uzun illərdən sonra bərpa edilən Bakı-Tiflis-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti açıqlanıb. ADY-nin məlumatına görə, qiymət 81 manatdan başlayacaq.
Bizimesr.com bildirir ki, Bakı-Tbilisi istiqamətində məsafə təxminən 550–580 kilometr təşkil edir. Bu marşrut həm sərnişin daşımaları, həm də regionlararası iqtisadi və turizm əlaqələri baxımından strateji əhəmiyyət daşıyır. ADY tərəfindən açıqlanan son qiymət siyasəti isə sosial şəbəkələrdə və ekspert çevrələrində geniş müzakirələrə səbəb olub.
Açıqlanan məlumatlara əsasən, Bakı-Tbilisi qatarında plaskart biletlərinin qiyməti 81 manat (təxminən 40 avro) səviyyəsindən başlayır. Kupe və SV vaqonlarının qiymətləri isə hələlik tam açıqlanmayıb.
Əvvəlki illərlə müqayisədə ciddi fərq diqqət çəkir. 2019-cu ilə qədər eyni istiqamətdə:
plaskart: 24–26 manat
kupe: 35–40 manat
SV: 57–60 manat kimi qiymətlər mövcud idi.
Lakin qiymət artımı sosial şəbəkələrdə “kəskin bahalaşma” və “Avropa səviyyəsinə yaxınlaşma cəhdi” kimi müxtəlif reaksiyalar doğurub.
Maraqlıdır, Avropa ilə müqayisə necə görünür?
Bakı-Tbilisi marşrutu ilə oxşar məsafəyə malik Avropa daxili və beynəlxalq qatar xətlərində qiymətlər geniş diapazonda dəyişir. Ümumilikdə Avropada qiymətlər aşağıdakı amillərdən asılı olur:
qatarın sürəti (sürət qatarı və ya klassik qatar),
öncədən bron,
xidmət seçimi.
Təxmini müqayisələr göstərir ki, 250–600 km aralığında Avropa qatar biletləri adətən 20–60 avro aralığında dəyişir. Məsələn, qısa və orta məsafəli Avropa marşrutlarında qiymətlər 20–40 avrodan başlayır, beynəlxalq və yüksək komfortlu xəttlərdə 40–60 avroya qədər yüksələ bilir. Bəzi hallarda yüksək sürətli qatar xətlərində qiymətlər daha yüksək olsa da, burada xidmət keyfiyyəti və sürət əhəmiyyətli dərəcədə fərqlənir.
Bakı–Tbilisi qatar xətti klassik gecə qatarı formatında işləyəcək və səfər müddəti təxminən 9–10 saat olacaq.
Avropada isə eyni məsafələr çox vaxt yüksək sürətli qatarlarla (200–300 km/saat) daha qısa müddətdə qət olunur.
Maraqlıdır, Bakı-Tiflis-Bakı qatarının sütəri 200-300 olacaqmı?
Xidmət hansı səviyyədə formalaşdırılacaq?
Bu qiymətə nələr daxil ediləcək?
Bu səbəbdən müqayisə aparılarkən yalnız qiymətlərin deyil, xidmət səviyyəsi və infrastruktur fərqinin də nəzərə alınmalıdır. Mövzu ilə bağlı ictimai müzakirələrdə əsas diqqət qiymət artımının iqtisadi əsaslandırılmasına yönəlir.
Bəzi ekspertlər hesab edir ki, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və xərclərin artması gələcəkdə qiymətlərə təsir edə bilər. Digər tərəfdən, tənqidçi yanaşmalar isə qiymət artımının əhalinin alıcılıq qabiliyyəti ilə uyğunluğunu sual altına qoyur və region ölkələri ilə müqayisədə fərqin getdikcə böyüdüyünü vurğulayır. Əslində uzun illərdən sonra bərpa edilən bu xidmət çoxları üçün əlçatan olmalıdır.