[center]

[/center]
“Servis+” MTK qalmaqalı: Təsisçilər Bakı Kommersiya Məhkəməsinin qərardadına qəti etiraz edirlər -TƏFSİLAT
“Servis+” Mənzil-Tikinti Kooperativi (MTK) ətrafında uzun müddətdir davam edən məhkəmə çəkişməsi yeni mərhələyə keçib. Kooperativin əsas təsisçiləri Bakı Kommersiya Məhkəməsinin son qərardadının qanunsuz olduğunu iddia edərək Ali Məhkəmənin sədri və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, ədliyyə naziri Fərid Əhmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əhmədova və digər aidiyyəti dövlət qurumlarına müraciət ünvanladıqlarını bildirirlər.
Təsisçilərin sözlərinə görə, “Servis+” MTK-nın nizamnamə kapitalının 71,2 faizinə sahib olan əsas investorlar təxminən bir il əvvəl kooperativin idarəçiliyindən kənarlaşdırılıblar. Onlar iddia edirlər ki, bundan sonra layihənin keçmiş rəhbəri Arzu Kazımov kooperativ üzərində faktiki nəzarəti ələ keçirib, nəvəsi Kamal Məmmədovu MTK sədri kimi təqdim edərək yaşayış kompleksində mənzillərin satışını davam etdirib.
Müraciətdə qeyd olunur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində inşa edilən 8 bloklu, 16 mərtəbəli yaşayış kompleksi ilə bağlı məhkəmə çəkişmələri davam etdiyi halda mənzillərin satışı dayandırılmayıb. Təsisçilər hesab edirlər ki, bu vəziyyət həm onların əmlak hüquqlarının pozulmasına, həm də mənzil alan vətəndaşlar üçün gələcəkdə ciddi hüquqi problemlərin yaranmasına səbəb ola bilər.
Onların bildirdiyinə görə, Bakı Kommersiya Məhkəməsi 2026-cı ilin yanvar ayında iddianın təmin edilməsi tədbiri kimi kooperativdə mənzillərin satışı və digər sərəncam əməliyyatlarının dayandırılması barədə qərardad qəbul edib. Bu qərarın icrası üçün Qaradağ Rayon İcra Şöbəsi tərəfindən müvafiq tədbirlərin görüldüyü, xəbərdarlıqlar edildiyi qeyd olunur.
Təsisçilər iddia edirlər ki, buna baxmayaraq satış prosesi davam edib. Onların sözlərinə görə, icra məmurları tərəfindən aparılan yoxlamalar nəticəsində bu hal müəyyən edilib, Kamal Məmmədov barəsində inzibati protokol tərtib olunub və Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati məsuliyyət tədbiri tətbiq edilib. Bildirilir ki, sonradan Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.
Müraciətdə daha sonra qeyd edilir ki, kooperativin ümumi yığıncağında Kamal Məmmədov vəzifədən uzaqlaşdırılıb, Zəka Zeynalov yeni sədr seçilib və bu dəyişiklik dövlət reyestrində də qeydə alınıb. Lakin təsisçilər iddia edirlər ki, dövlət reyestrində qanuni təmsilçi kimi qeydiyyata alınmasına baxmayaraq, Zəka Zeynalov bu günədək kooperativin inzibati binasına daxil ola bilmir və faktiki idarəetməni həyata keçirə bilmir.
Onların sözlərinə görə, bu səbəbdən Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək yeni seçilmiş sədrin fəaliyyətinə maneələrin aradan qaldırılması, kooperativ sənədlərinin mühafizəsi və qanuni idarəetmənin təmin edilməsi üçün müvəqqəti təminat tədbirlərinin görülməsi xahiş olunub. Lakin təsisçilər hesab edirlər ki, məhkəmənin 14 iyul tarixli son qərardadı bu tələbləri təmin etməyərək mövcud vəziyyətin dəyişmədən qalmasına səbəb olub.
Təsisçilər bildirirlər ki, son qərardad məhkəmənin bu ilin yanvar ayında qəbul etdiyi və mənzil satışlarını qadağan edən qərardadla ziddiyyət təşkil edir. Onların fikrincə, bu vəziyyət qanunsuz hesab etdikləri fəaliyyətin davam etməsinə hüquqi zəmin yarada bilər.
Müraciətdə həmçinin iddia olunur ki, Arzu Kazımov və onun vəkili müxtəlif məhkəmə instansiyalarında əlaqələrinin olduğunu bildirirlər. Bu iddialarla bağlı redaksiyamızın müstəqil təsdiqləyici məlumatı yoxdur və adı çəkilən şəxslərin mövqeyi təqdim olunan materialda yer almır.
Təsisçilər hüquq-mühafizə orqanlarını, Məhkəmə-Hüquq Şurasını və digər aidiyyəti dövlət qurumlarını Bakı Kommersiya Məhkəməsinin əvvəlki qərardadlarının icrasının təmin edilməsinə, kooperativin sənədlərinin və əmlakının qorunmasına, mübahisəli mənzil satışlarının dayandırılmasına və qanuni idarəetmənin bərpasına kömək göstərməyə çağırırlar.
Qeyd: Məqalədə yer alan ittiham və iddialar “Servis+” MTK-nın təsisçilərinin müraciətinə əsaslanır. Arzu Kazımovun, vəkili Ruslan Umudovun, Bakı Kommersiya Məhkəməsinin və adı çəkilən digər şəxslərin bu iddialarla bağlı mövqeyi təqdim edilməyib. Onların cavabı daxil olduğu təqdirdə dərc olunmağa hazırdır.(gundemxeber.com)