Nadir Qafarzadə qadın alveri edən həmkarlarından danışdı

Nadir Qafarzadə qadın alveri edən həmkarlarından danışdı















“Hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır”; Əli Mirəliyev: “Prodüser hara, bahalı ev, maşın hara?..”

Bu günlərdə müğənni Nadir Qafarzadə yenidən sosial şəbəkələrdə səs-küyə səbəb olacaq paylaşım etdi. Belə ki, müğənni bəzilərinə ismarış göndərərək bildirib:

“Deyəsən, mənim ağzımın açılması zamanı gəlib. Mən İlhamə xanımın şəklini paylaşanda heç bir zir-zibilə söz atmaq fikrində olmamışam. Qələt eləyin, oturun yerinizdə. Hacılara, Moskvada yaşayan pullu kişilərə, bəzi ”məmurlara" qız çıxarmamışam. Belə getsə, susmayacam. Amma kiminsə acı həqiqətlərini açıb söyləmək zamanı gəlib. Qadın müğənniləri satışa çıxaranlar, susun. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı-yaxşı düşünün. Vaxt gələcək, adınız bir çox cinayətlərdə hallanacaq. Susun, məsləhət! Mən dəliyəm, məndə tormoz yoxdur".

İddialara görə, müğənni bu sözləri prodüser Tarix Əliyevə (Tolik) ünvanlayıb. Səbəb isə bir neçə gün öncə “Hər şey daxil” verilişində prodüserin Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması olub. Status böyük səs-küy yaratdığından müğənni bir qədər sonra paylaşımını silib. Lakin müzakirələr sosial şəbəkələrdə davam edib. Tarix Əliyev müğənninin bu statusundan sonra sosial şəbəkədə cavab statusu yazıb: “Səndən qorxan sənin tayın olar, məni bəziləri ilə səhv salma. Kimin əzizini satışa çıxarmışamsa, bura yazsın. Yadlarından bəzi şeylər nə tez çıxdı... Mənim qorxacağım yer yoxdur. Səndən qorxan sənin tayın olar”.

Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkələrdə, mətbuatda hansısa sənətçilərin, aparıcı və ya prodüserlərin qadın alveri ilə məşğul olması ilə bağlı məlumatlar, iddialar yayılır. Məlum olduğu kimi, bu ittihamla həbs olunanlar da var. Nadir Qafarzadənin emosional şəkildə yazdığı son statusu bu məsələni yenidən gündəmə gətirmiş oldu.

Məsələ ilə bağlı müğənni Nadir Qafarzadə “Yeni Müsavat”a danışdı: “Əlaqəli qurumlar onları axtarıb tapmalıdır. Mən niyə yazmalıyam? Bu, mənim işim deyil, bu işə baxan adamlar var ki, onlar hər şeyi araşdırmalıdır. Mən müğənniyəm və öz sözümü dedim. Həmin insanları efirə buraxmaq olmaz. Ümumiyyətlə, onları cəmiyyətdən islah etmək lazımdır. Çıxıb efirdən camaata ağıl öyrədir, guya namus-qeyrət dərdi çəkirlər. Amma özləri nə işlə məşğuldur?! Onların arasında qadın da, kişi də var, əgər onlara kişi demək mümkündürsə. Sayı isə onlarladır. Bunu şou-biznesin içində olanlar yaxşı bilir. Bu haqda məndən əvvəl Cavanşir Məmmədov da öz sözünü demişdi. Üstəlik mən o adamları da qınamıram, çünki heç kimi məcbur etmirlər ki, ”gəl səni satım". Demək ki, o müğənnilərin içində meyillilik var ki, o yola gedirlər. Satan adam sadəcə, vasitəçidir. Ona görə də hamı başını tutur ki, “oğluma sənətçi qız almaram”. Bu məsələdə cəmiyyət, özümüz də günahkarıq... Mən bu cür açıqlama verəndə bəziləri etiraz etdi. Demək ki, özləri bu cürdür, ona görə də reaksiya verdilər. Söz var ki, “soğan yeməmisən, niyə için göynəyir?”".

Məsələ ilə bağlı müğənni Əli Mirəliyev də qəzetimizə öz mövqeyini açıqladı: “Bu haqda mən neçə illərdir ki, danışıram. Sual olunur ki, bəzi sənətçilər o cür bahalı maşınları necə alır, hansı pulla bahalı villalarda yaşayırlar? Onlar özlərinə sponsorları necə tapırlar? Həmin sponsorlar kimlərdir və onlar nə işlə məşğuldur? Məhz bunu araşdırmaq lazımdır. Hətta efirlərdən biz onları görürük. Xatırlayırsınızsa, bir kök müğənni qadın var idi, onun bu cür işlərinə görə həbs etmişdilər. Baxın, prodüser 200 min manatlıq maşını necə sürə bilər? Kimdir bu prodüser, bahalı maşında gəzir? Onu hansı pulla, necə alıb? Prodüser hara, bahalı ev, maşın hara? Hüquq-mühafizə orqanları araşdırma aparmalıdır ki, bu söhbətin içində nə var? Adam çıxır efirə, müsabiqədə oturub, musiqi ilə bağlı məsələni həll edir. Ay prodüser, bu sizin başınız üçün deyil. Mənim ölkəmin övladını Dubayda, orda-burda satan adam vətənini də, öz ana-bacısını da satar. Hər halda hüquq mühafizə orqanları bu haqda araşdırma aparacaqlar”.

Qeyd edək ki, ötən ilin sentyabrında Əməkdar artist Cavanşir Məmmədov da qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu demişdi: “Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız ”daşıyır". Şou-biznesdə olan “mama roza” və “papa roza”lar heç bir sahədə yoxdur. İnsan alveri ilə əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər".

Cavanşir Məmmədov həmçinin həmin müğənniləri adbaad tanıdığını və adlarını açıqlaya biləcəyini qeyd etmişdi.

5-02-2018, 09:30



Fikirlər