Əsas Səhifə > Son xəbərlər / Siyasət > Rusiyanın Qarabağla bağlı konkret strategiyası yoxdur - Kreml hədəf axtarışında

Rusiyanın Qarabağla bağlı konkret strategiyası yoxdur - Kreml hədəf axtarışında


13-01-2021, 15:11
Rusiyanın Qarabağla bağlı konkret strategiyası yoxdur - Kreml hədəf axtarışında

Yanvarın 10-də Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı növbəti dəfə iclas keçirdi. İclasda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici işlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak etdi.

Maraqlı məqam isə iclasın Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar prosesinin aparılacağı barədə məlumat yayılandan bir gün əvvəl keçirilməsi oldu.

Belə ki, iclasdan bir gün sonra - yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş baş tutdu. 4 saat davam edən görüşün nəticəsi olaraq, 4 bənddən ibarət bəyanat imzalandı və liderlər mətbuata bəyanatla çıxış etdilər.

Maraqlıdır, Rusiya Prezidentinin Qarabağa görə növbəti dəfə iclas keçirməsi və iclasın Moskvada keçirilən üçtərəfli görüşdən cəmi bir gün əvvəl baş tutması nəyin göstəricisi ola bilər?

Mövzu ilə bağlı AYNA-nın suallarını politoloq Natiq Miri cavablandırıb. Analitik deyib ki, Putinin üçtərəfli görüşdən əvvəl təcili iclas çağırması Qarabağ probleminin Rusiya üçün həssas bir məsələ olduğunu göstərir:

- Əlbəttə, bu məsələdə öndə gələn Rusiyanın geosiyasi maraqlarıdır. Rusiya məhz bu məsələni özü üçün mühüm geosiyasi məsələ saydığı üçün bununla bağlı növbəti dəfə toplantı keçirməyə ehtiyac duyub. Digər tərəfdən, Rusiyanın hələ də Qarabağla bağlı konkret strategiyası mövcud deyil. Yəni, hələ də konkret hədəflər müəyyənləşməyib və bu yöndə Rusiyanın siyasətində qeyri-müəyyənliklər var. Bu qeyri-müəyyənliklər həm Ermənistan, həm Azərbaycan, həm də bilavasitə qardaş Türkiyə dövlətinin geosiyasəti ilə əlaqədardır. Yəni, bu yöndə Rusiyanın özü üçün hələ də həll edə bilmədiyi bəzi problemlər var ki, məhz bunu müzakirə etmək üçün və konkret Rusiyanın bundan sonra atacağı addımlarla bağlı məsləhətəşməyə ehtiyac duyulub.

- Ümumiyyətlə, Putinin Qarabağla bağlı canfəşanlığı hansı mənaya gəlir və bunun arxasında Azərbaycanın maraqlarına zidd olan hansı nüanslar dayanır?

- Əslində, Qarabağ ətrafında bu gün baş verənlər Rusiyanın bir neçə əsrlik siyasətinin davamıdır. Çünki Rusiya 19-cu əsrdə erməniləri Qarabağa köçürəndə, çox ciddi geosiyasi maraqları mövcud idi. Əvvəlcə, Qarabağa erməniləri yerləşdirməklə, tədricən İrəvan xanlığı ərazisində də ermənilərin mövcudluğunu artıraraq 20-ci əsrdə iki türk ölkəsi arasında erməni dövləti yaratmaqla süni bir əngəl yaratdılar. Məhz bu əngəlin nəticəsidir ki, bu gün biz Mehri dəhlizinin açılması üçün öz ərazimizdə Laçı dəhlizi statusunda süni dəhliz yaratmaqla rahatlıqla erməni separatçılarının Ermənistana, yaxud da Ermənistan rəhbərliyinin sərbəst şəkildə Qarabağa gəlib-getməsinə şərait yaradırıq. Əslində, Rusiyanın bu geosiyasi maraqları həm Türkiyəyə təzyiq, həm Türkiyənin Cənub sərhədlərində bilavasitə Rusiyanın varlığını gücləndirmək və bununla da Türkiyənin təhlükəsizliyinə təhdid yaratmaq, pararlel olaraq da ermənilərin varlığını Qarabağda mövcud etməklə, bu gün Cənubi Qafqazda və Cənubi Qafqazın ən strateji ölkəsi olan Azərbaycana təsir imkanları yaratmaq üçündür. Çünki Putin bu gün Çar Rusiyasının siyasətini davam etdirir. Rus sülhməramlılarının təcili qaydada Qarabağa yerləşməsinin səbəbi də bu idi. Rusiya qoşunları Qarabağa gəlməklə, hərbi varlığını müəyyən etmək, dolayısı ilə erməni silahlı yaraqlılarını hələ də Qarabağda saxlamaqla Azərbaycana təzyiq imkanlarını artırır. Çünki bu günlərdə baş verən təxribatlar məhz 10 noyabr bəyanatından sonra Ermənistandan Qarabağa sızan xüsusi erməni diversiya qruplarınn yaratdığı təxribatlar idi. Maraqlıdır ki, bu insanları bizim ərazilərimizə buraxan və onları konkret proqramlaşdıran da Rusiya sülhməramlılarıdır. Çünki Rusiya sülhməramlıları Qarabağa sadəcə sülh yaratmaq missiyası ilə gəlməyiblər.

- Bu gün Qarabağda gedən siyasi və hərbi rəqabətin dərin qatında nələr dayanır?

- Bu rəqabətin ana xətti odur ki, rəqabət təkcə Azərbaycanla deyil, həm də qardaş Türkiyə ilə aparılır. Bu gün Qarabağda atılan güllənin səsi, Suriya və Liviyada da eşidilir. Yaxud da əksinə, Suriya və Liviyada aktivləşən prosesin səsi Qarabağda da eşidilməkdədir. Yəni, bir növ dost kimi görünən qardaş Türkiyə ilə Rusiya əslində, bu regionlarda ciddi mənada rəqabət aparırlar. Ən nəhayət, Türkiyə Suriyanın Şimalında ardıcıl əməliyyatlar keçirərək çox ciddi uğurlar əldə edib. Türkiyəni dayandırmaq üçün Rusiya üzərinə bir neçə öhədliklər götürmüşdü və bu öhdəliklərdən biri də Suriyanın şimalında Münbiç, Ayn İsa və Kobani kimi regionlarda PKK və onların Suriya davamçıları olan YPG terrorçularını ərazidən tamamilə çıxarma öhdəliyi idi. Amma Rusiya bu öhdəliyi yerinə yetirmədi və yetirmək fikrində də deyil. Məhz bunun nəticəsdir ki, Türkiyənin müttəfiqi olan Suriya Milli Ordusu (keçmiş Azad Suriya Ordusu) bir neçə həftə bundan əvvəl hərəkətə keçdi və nəticədə Ayn İsa ətrafında 3 kənd PKK-dan azad edildi. Məhz bundan sonra Rusiya hərəkətə keçdi ki, Türkiyənin bütünlüklə Ayn İsa bölgəsini ələ keçirməsinin qarşısını alsın. Çünki bu bölgələrdə Suriyanın enerji daşıyıcıları mənbələri mövcddur. Bu gün də Rusiya PKK və Suriya rejimi arasında vasitəçilik etməklə, PKK-nı razı salmaq istəyir ki, həmin ərazini Əsəd rejiminə təhvil versin. Bununla da Türkiyənin o bölgəyə yerləşməsini, dolayısı ilə Türkiyənin Suriyada güclənməsini istəmir. Eyni proseslər bu gün Qarabağda da gedir. Rusiya heç bir vəchlə istəmir ki, Türkiyə Qarabağda - Azərbaycanda, o cümlədən Cənubi Qafqazda güclənsin. Çünki Türkiyə yalnız regional bir ölkə deyil, Türkiyə həm də NATO-nun hərbi cəhətdən ikinci ən böyük dövlətidir. Türkiyənin də Azərbaycanda varlığı, dolasyı ilə NATO-nun Azərbaycanda varlığı alamına gəlir. Ayrıca, Türkiyənin regionda güclənməsi, Türkiyənin təkcə Azərbaycanda deyil, həm də Azərbaycan vasitəsi ilə Orta Asiyada təsirini artırmaq anlamına gəlir. Bu da gələcək perspektivdə bütövlükdə Mərkəzi Asiyanın Rusiyanın nəzarətindən çıxması təhlükəsi yaradır - Rusiya üçün. Bu məsələni ciddi qəbul etdiyi üçün də Putin təcili olaraq, ölkəsinin Təhlükəsizilik Şurasının Qarabağla bağlı müzakirəsini təşkil elədi. Bu gün strateji cəhətdən hələ də Rusiya üçün qeyri-müəyyənliklər var və bu qeyri-müəyyənliklər bilavasitə Türkiyənin Qarabağda iştirakı ilə əlaqədardır.

- Bəs, bu rəqabət və dolayısıyla Azərbayacana olan təzyiq hara qədər davam edə və necə nəticələnə bilər?

- Əmin olun ki, bu təzyiq davam edəcək. Çünki Rusiya elə bir dövlətdir ki, əvvəlcə hər hansı bir hərbi böhran yaradır, bundan sonra isə özünün geosiyasi maraqları çərçivəsində maraqlarını təmin edir. Bu, Rusiya xarici siyasətinin ən vacib prioritetlərindən biridir.

Ona görə də, kimsə əmin olmasın ki, hansısa şifahi razılaşma ilə Qarabağda bütün problemlər başa çatacaq. Düşünürəm ki, həm meydanda, həm də masada bu təzyiq və problemlər davam edəcək. Bunun olmaması, yaxud da azalması üçün mütləq mənada Azərbaycanın hərbi aktivlik göstərməsinə ehtiyac var. Çünki meydanda güclü olmasaq, masada uğur əldə etməyimiz mümkün deyil.

Rusiya belə bir dövlətdir və Türkiyə də bunu anladığı üçün Suriya və Liviyada Rusiyanın öz diliylə danışmağa başladı. Məhz bundan sonra Türkiyənin geosiyasi uğurları artmağa başaldı. Eyni şeyi Azərbaycan da qardaş Türkiyə ilə birlikdə etməlidir ki, əvvəlcə sahədə, ondan sonra isə masada bu çətinlikləri ram edə bilsin. Ona görə də Azərbaycan Qarabağ ətrafında baş verən hadisələrin arxasınca düşmək əvəzinə, sentyabrın 27-də başlanan proses kimi bir proses yaratmalıdır ki, bizim arxamızca düşmək məcburiyyətində qalsınlar. Çünki uğurun əsas təminatı məhz budur.

- Moskvadakı üçtərəfli görüşün Türkiyə qoşunları və hərbi texnikalarının intensiv şəkildə Azərbaycana gəlməyə başladığı dövrə təsadüf etməsinin səbəbini az-çox anlamaq olar. Amma bu görüş həm də ABŞ Prezidenti Co Baydenin andiçmə mərasiminə qısa müddət qalmış bir vaxta təsadüf elədi. Bu nədən xəbər verir?

- Bu, o deməkdir ki, Co Bayden hakimiyyətə gələndən sonra təbii ki, Cənubi Qafqaz siyasətinə yenidən dönüş olacaq və bu xüsusda ola bilsin ki, Nikol Paşinyan hökumətinin Cənubi Qafqaz siyasəti onun üçün pirioritet təşkil etsin. Çünki Paşinyan məhz Qərbin, yəni, Soros Fondunun dəstəyi ilə hakimiyyətə gəlib. Co Bayden də Soros Fondu ilə ciddi şəkildə əməkdaşlıq edən və seçki prosesi məhz Soros Fondundan maliyyələşən şəxsdir. Ona görə də, Rusiya bu məsələni bildiyi üçün geri dönüşü olmayan elə bir proses yaratmaq istəyir ki, Baydenin müdaxiləsi olsa belə, Ermənistan və Azərbaycandan əli üzülməsin. Fikir verin, çox maraqlıdır ki, Putin görüşdən əvvəl Fransa Prezidenti Makronla danışmağa ehtiyac duyub. Amma müharibəsindən sonra atəşkəs məsələsi razılaşdırılanda Putin nə ABŞ, nə də Fransaya ehtiyac duymuşdu. Çünki Rusiya sülhməramlı statusunda Azərbaycana təkbaşına girmək istəyirdi. Ancaq bu gün Rusiya həm Türkiyənin, həm də Azərbaycanın əl-qolunu bağlayacaq addımlar atmaq istəyir ki, gələcək perpektivdə Minsk Qrupunun iştirakına yol açsın. Çünki Minsk Qrupu çərçivəsində Frsansa kimi ermənipərəst dövlətlərin prosesə müdaxiləsi, Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etmir. Bu da dolayısı ilə Rusiyanın maraqlarına xidmət edir.

- O zaman məsələyə bu aspektdən yanaşsaq, belə çıxır ki, Moskvada keçirilən görüş, əslində Azərbaycanın maraqlarına xidmət etmək üçün təşkil olunamamışdı...

- Əlbəttə. Eyni zamanda, Moskvada müzakirə olunan məsələlərdən biri də komunikasiya, iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsi və s. idi. Deməli, bu xüsusda Mehri dəhlizinin açılması da razılaşdırılmalıdır. Amma çox maraqlıdır ki, Mehri dəhlizinin açılması üçün Ermənistanın Azərbaycandan konkret tələbləri var. Bildiyiniz kimi, Ermənistandan hələ də itkin düşmüş minlərlə əsgər, əsirlər və öldürülmüş insanlar var ki, hələ də bu insanlar tapılıb Ermənistana qaytarılmayıb. Ermənistandakı etirazlar da təxminən bu istiqamətdədir. Paşinyan da anlayır ki, bu problemi həll etmədikcə, etiraz dalğasını səngitmək mümkün olmayacaq. Ona görə də bu gün Mehri dəhlizinin açılması əvəzində itkin düşmüş ermənilərin geri qaytarılmsına şərait yaradılmasını Ermənistan şərt kimi irəli sürüb. Ancaq bu günün şərtləri çərçivəsində Mehri dəhlizinin açılması Azərbaycan üçün təqdir olunsa da, düşünürəm ki, bu, indinin məsələsi deyil.

Bu, Azərbaycan üçün tələsik atılan bir addımdır. Çünki Laçın dəhlizinin əvəzində Mehri dəhlizinin yaradılması məsələsi də bu gün Azərbaycan üçün yararlı bir məsələ deyil. Çünki məhz Mehri dəhlizinə görə Azərbaycan güzəştə gedib Laçın dəhlizinin yaradılmasına razılıq verib. Məhz Laçın dəhlizi vasitəsi ilə də bu gün ermənilərin Ermənistandan Qarabağa gətirilməsi prosesi çox rahatlıqla həyata keçirilir. Digər tərəfdən, Azərbaycan Laçına nazərəti tam bərpa edə bilməyib və Laçın dəhlizi də demək olar ki, Azərbaycanın nəzarətində deyil. Nəhayət, Laçının Ermənistanla olan sərhədində Azərbaycanın sərhəd qoşunları dayanmır və ona görə də gediş-gəlişlərə Azərbaycan Ordusu heç bir vəhclə nəzarət edə bilmir.

Bu da Azərbaycan üçün gələcək perspektivdə həm demoqrafik cəhətdən, həm də hərbi cəhətdən böyük təhlükələr vəd edir. Bunun müqabilində isə biz Mehri dəhlizinin açılmasına razı olmuşuq.

-Mehri dəhlizinin açılması Azərbaycan üçün nə kimi problemlər vəd edir?

- Məlum olduğu kimi, 2008-ci ildən etibarən Rusiyanın Ermənistanla quru sərhədləri yoxdur və bu xüsusda Rusiya ilə Ermənistanın iqtisadi-ticari və hərbi əməkdaşlığı böyük çətinliklər yaradır. Çünki Gürcüstan vasitəsi ilə keçən dəmiryolu bağlanıb, digər yol isə qış aylarında buz bağladığı üçün ümumiyyətlə fəaliyyət göstərə bilmir. Buna görə də Rusiya və Ermənistana hava-su kimi lazım olan yeganə dəhliz məhz Mehri dəhlizidir. Ona görə də biz öz pulumuzla Mehri dəhlizini bərpa edəndən sonra ilk qazanacaq ölkə Rusiya və Ermənistan olacaq. Mehri dəhlizindən keçən dəmiryolu vasitəsi ilə artıq erməni ordusunu gücləndirmək daha rahat olacaq və bu məsələni qətiyyən diqqətdən qaçırmaq olmaz. Bəs, Azərbaycan da bu günki şərtlərlə həmin dəhlizdən istədiyi kimi istiafdə edəcəkmi, bu, artıq sual altındadır?! Çünki bu ərazilər təkcə Ermənistanın deyil, həm də Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində olacaq. Ona görə də, bu gün Mehri dəhlizinin açılmasını ümdə məsələ olaraq önə çəkmək, hələlik doğru deyil və bu istiqamətdə erməni əsirlərinin tam olaraq geri qaytarılması məsələsini də qəbul etmək düzgün olmaz. Çünki bu əsirlər məsələsi əslində Azərbaycanın Ermənistana edə biləcəyi ən böyük təsir imkanıdır və bu imkanları xəfif olaraq qəbul etməməliyik. Çünki əsirlərin və itkin düşmüş ermənilərin həlli məsələsi “Damokl qılıncı” kimi Paşinyan hökumətinin başının üstündən asılıb. Ona görə də bu təzyiq imkanını qətiyyən əldən buraxmaq olmaz. O vaxta qədər ki, Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi tam bərpa olunacaq və yalnız bundan sonra Mehri dəhlizi məsələsini aktivləşdirməyə ehtiyac var. Ona görə də, tələsməyə ehtiyac yoxdur.
Geri qayıt