DataLife Engine / Eltun Süleymanov: “Müasir Azərbaycanı yüksəkliyə aparan yol məhz 1969-cu ilin iyulun 14-də başlamışdır.”

Eltun Süleymanov: “Müasir Azərbaycanı yüksəkliyə aparan yol məhz 1969-cu ilin iyulun 14-də başlamışdır.”

Eltun Süleymanov: “Müasir Azərbaycanı yüksəkliyə aparan yol məhz 1969-cu ilin iyulun 14-də başlamışdır.”


“Azərbaycan tarixinin ən möhtəşəm, gəncliyin dərs götürəcəyi, yaddaşlarda yaşadacağı və gələcək nəsillərə ötürəcəyi parlaq səhifələrindən biri də 14 iyul 1969-cu il tarixidir. Bu gün respublikamızın tarixinə dönüş günü kimi yazılıb. Həmin gündə Ulu öndərimiz Heydər Əliyev respublikamıza birinci dəfə rəhbər seçilib. Respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün danılmaz rolu olub.
Müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı sayılan 14 iyul 1969-cu il böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu.
1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılmış, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görüldü. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və i.a. yaradılmışdır. 1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə görə müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmışdı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməyə başladı. Nəticədə Heydər Əliyevin Azərbaycana KP MK-nın birinci katibi kimi rəhbərlik etdiyi 1969-1982-ci illər respublika tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Ulu öndər Heydər Əliyev xalqın əsrlərboyu yaratdığı mənəvi sərvətin, mədəniyyət dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsi üçün də çox mühüm qərarlar qəbul etmişdir. Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi.
Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq, 2 dəfə artdı.
1970-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması, minlərlə azərbaycanlı gəncin aparığı təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycanın ordusu üçün zabit kadr heyətinin formalaşmasına təkan vermişdi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə zaman-zaman baş qaldırmış erməni millətçiliyinə də son qoyulmuşdu.”

Eltun Süleymanov qeyd edib ki, “Yeni düşüncəli rəhbər qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. Heydər Əliyev Sovet hakimiyyəti tarixində ilk dəfə sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiya kimi mənfi hallar olduğunu və onlara qarşı mübarizənin vacibliyini cəsarətlə elan etdi və bu hallara qarşı qəti mübarizəyə başladı. Onun “Literaturnaya qazeta”da dərc olunmuş “Qoy ədalət zəfər çalsın” müsahibəsi mütərəqqi fikirlərinin açıq ifadəsi idi.
Tezliklə respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət və misilsiz təşəbbüskarlıq bu dövrün bariz əlamətinə çevrildi. Heydər Əliyev Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı.
Qabiliyyəti və bacarığı, idarəetmə sahəsində xarizması ilə fərqlənən Ulu öndər1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi və bu vəzifənin verdiyi imkanlardan Azərbaycanın inkişafı naminə məharətlə istifadə etdi. Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail oldu.
Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Ulu öndərin milli maraqlara hesablanmış strateji proqramında Azərbaycan dili xüsusi yer tuturdu. Məhz onun ciddi səyi nəticəsində bu dövrdə respublikanın yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili statusu aldı. Onun üçün ana dili azərbay¬can¬çılığın ən mühüm komponenti idi. Heydər Əliyev imkan daxilində öz rəsmi nitqlərini Azər¬bay¬can dilində edir və bunu bütün rəhbər vəzi¬fəlilərdən də qətiyyətlə tələb edirdi.”

Müsahibimiz son olaraq bildirib ki, “Ümummilli lider Heydər Əliyev özünün dərin fəlsəfi dünyagörüşünə, tarixi irsə asaslanaraq, milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin ideoloji-siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev dünya azərbaycanlılarının, o cümlədən bütün türk dünyasının dərin sevgisini qazanaraq, xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. Bu yüksəkliyə aparan yol məhz 1969-cu ilin iyulun 14-də başlamışdır.”
11-07-2023, 09:51
Вернуться назад