DataLife Engine / Naxçıvanda dərman böhranı — Bu dərmanlar tapılmır

Naxçıvanda dərman böhranı — Bu dərmanlar tapılmır

Havaların soyuması ilə əlaqədar, eləcə də müxtəlif xəstəliklərə görə əczaxanalara müraciət edən vətəndaşların sayı artıb. Muxtar respublikada çox sayda əczaxana fəaliyyət göstərsə də, çox vaxt sakinlər axtardıqları dərman vasitəsini ya tapa, ya da ki dərmanın qiymətinin digər şəhərlərimizlə müqayisədə baha olması ilə əlaqədar ala bilmirlər. Məcbur qalıb ya həmin dərmanın əvəzləyicisini alır, ya da öz qohum-əqrəbasından başqa ölkələrdən və ya paytaxt şəhərimiz Bakıdan alıb göndərmələrini xahiş edirlər.

Bu gün Naxçıvan sakinlərini maraqlandıran məsələlərdən biri də əczaxanalarda dərman vasitələrinin qiymətlərindəki fərq, axtarılan dərman vasitələrinin tapılmaması, dərmanların keyfiyyəti ilə bağlıdır. Bəs bütün bunlara səbəb nədir?

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əczaçılıq və özəl tibb müəssisələri sektorunun müdiri Hacı Əliyev bildirib ki, əvvəllər muxtar respublikada bütün əczaxanalara dərmanları “Nəqşicahan MED” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AKİ Əczaçılıq Anbarı” verirdi. Əczaxanaların hamısı dərmanı məcburən onların təyin etdiyi qiymətə almalı və onların təyin etdiyi qiymətə də satmalı idi. Bir sözlə, Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər burada işləmirdi. Muxtar respublikada fəaliyyət göstərən əczaxanaların heç biri, fiziki və ya hüquqi şəxs sahibkarlar Bakıdan dərman preparatları gətirə bilmirdilər. 2023-cü ilin yanvar ayından etibarən bütün əczaxanalar dərmanları Bakıdan gətirə bilir və Tarif Şurasının qiymətləri artıq burada da işləməyə başlayıb. “Nəqşicahan MED”dən də satışa çıxarmaq üçün dərmanlar götürülür.
Naxçıvanda bəzi dərman vasitələrinin tapılmaması ilə bağlı suala isə Hacı həkim belə cavab verib: – Son aylarda Naxçıvanda dərman təminatı problemini qaydaya salmağa çalışırıq. Lakin elə dərmanlar var ki, bu nəinki Naxçıvanda, Bakıda, eləcə də xaricdə də tapılmır. Yəni dərman qıtlığı bu gün hər bir ölkənin probleminə çevrilib. Əsasən, ilin əvvəlində bu problemlər yaşanır. Mümkün deyil ki, həmişə istədiyini tapa biləsən, hər gün yeni dərman preparatları istehsal olunur, birin tapanda, birini tapa bilmirsən. Sinir sisteminin müalicəsində istifadə edilən “Fenobarbital”, “Gabapentin” kimi dərmanlar heç Bakıda da tapılmır.

Hacı həkim bildirib ki, əczaxana sahibkarları İrandan, Türkiyədən dərman idxal edə bilmirlər, çünki mal qeydiyyata düşməlidir, amma Bakıdakı depolardan şəxsi, pərakəndə satış üçün istənilən dərmanı gətirə bilirlər. Bu zaman qiymət də aşağı düşür, eyni zamanda istənilən dərmanı tapmaq asanlaşır. Onu da qeyd edim ki, dərman qiymətləri ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi belə səlahiyyətə sahib deyil. Buna İqtisadiyyat Nazirliyi, Tarif Şurası və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti baxır. Yalnız təminat məsələsinə Səhiyyə Nazirliyi cavabdehdir. Həmçinin Naxçıvanda daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, əczaxana şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin, qiymətlərin tənzimlənməsi ilə bağlı bir mərkəz, çox təəssüf ki, yoxdur, onun üçün də bu məsələdə ciddi problemlər mövcuddur, lakin sırf bizim öhdəliyimizdə deyil.

Müsahib dərmanların keyfiyyəti ilə bağlı deyib: – Naxçıvanda dərmanların keyfiyyətinə nəzarət həyata keçirilə bilmir. Nəyə görə? Çünki bu məsələ Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsində yoxdur. Buna cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan qurumlardır. Biz dərmanların yalnız saxlanılma şəraitinə nəzarət edirik. Bütün əczaxanalarda temperaturu və rütubəti ölçən cihazlar quraşdırılıb. Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq bu məsələlərə nəzarət edirik, lakin keyfiyyət barədə heç nə deyə bilmirik. Bununla bağlı Naxçıvanda hər hansı bir qurum, laboratoriya yaradılmayıb.

Hacı Əliyevin söylədiyi fikirlərə əsasən vəziyyəti yerində öyrənmək üçün əczaxanaların bir neçəsinə yollandıq. Naxçıvan şəhərində fəaliyyət göstərən “Səhhət” əczaxanasının əczaçısı Arif İsmayılov qeyd etdi ki, hazırda Bakıdan dərman gətirə bilirlər. Lakin uşaqlar üçün iltihab əleyhinə, qızdırma salıcı dərmanlar – “Nurofen”, “İbufen”, “Bifidumbakterin” və sair dərmanlar tapılmır, ya da azlıq təşkil edir.

“Aptek 50 Şəfalı”nın əczaçısı İlyas İbrahimov da bildirdi ki, bu ayın əvvəlindən Bakıdan dərman gətirə bilirlər. Uşaqlar, astma və şəkər xəstələri üçün dərman qıtlığı yaşanır: – Əvvəl bunları Türkiyədən gətirirdik, oranın istehsalı olduğu üçün ucuz qiymətə də satılırdı. Hazırda Bakıdan gətirilən bu cür dərmanlar İsveçrə və digər xarici ölkələrin istehsalıdır deyə ikiqat baha qiymətə satılır. Apteklərdə müştəriyə əlavə dəyər vergisi (ƏDV) çeklərinin verilməsi ilə bağlı sualımıza əczaçı bu məqsədlə yeni nəsil kassa aparatlarının quraşdırılacağını, yalnız bundan sonra tətbiq olunacağını dedi.

“Şəhər Aptek Med”in işçisi Hikmət Şəkər¬əliyev isə qeyd etdi ki, hazırda “Nəqşicahan Med”lə işləyirlər. Lakin əvvəlkindən fərqli olaraq indi dərmanlar Tarif Şurasının tənzimlədiyi qiymətlərə əsasən alıcılara təqdim olunur. İndi daha çox Naxçıvana Bakıdan gəlmiş həkimlərin xəstələrə yazdığı dərmanlar, bəzi sirop və suspenziyalar satışda tapılmır.

Biz də ictimai rəy yaradan, sakinləri düşündürən növbəti mövzunu araşdırmağa çalışdıq, güman edirik ki, səlahiyyətli qurumlar dərmanların qiymətləri və satışının təşkili ilə bağlı bir ölçü götürəcəklər. Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas hədəfi də əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılmasıdır. Dərman vasitələri bazarında şəffaflığın təmin edilməsi, süni qiymət artımının qarşısının alınması, dərman vasitələrinin bütün əczaxanalarda eyni qiymətə satılması və sakinlərin ucuz əczaxana axtarmaq zərurətinin aradan qaldırılması kimi məsələlər, bu mənada, əsas amillərdir. Əczaxanalarda ƏDV-nin tətbiqinə gəldikdə isə 2020-ci ilin may ayından Azərbaycanda pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq edilir. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən 2023-cü il 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Ümid edirik ki, yaxın vaxtlarda muxtar respublika əczaxanalarında dediyimiz məsələlər üzrə tənzimləmələr aparılacaq, sakinləri narahat edən məsələlər öz həllini tapacaqdır.

“Şərq qapısı”
25-01-2023, 11:02
Вернуться назад