Əsas Səhifə > Son xəbərlər > Prezidentin sərt xəbərdarlığından sonra yol polisi hərəkət keçdi - Avtobus sahiblərinə qarşı

Prezidentin sərt xəbərdarlığından sonra yol polisi hərəkət keçdi - Avtobus sahiblərinə qarşı


10-10-2018, 01:44
Prezidentin sərt xəbərdarlığından sonra yol polisi hərəkət keçdi - Avtobus sahiblərinə qarşı

Dövlət Yol Polisi tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, paytaxtda ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bir sıra addımlar atılır.


Azərbaycan Prezidenti: Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir
İdarənin əməkdaşlarının ötən gecə Yasamal, Nərimanov, Səbail, Nizami və digər rayonlarda apardıqları yoxlamalar nəticəsində ictimai nəqliyyat sahəsində qənaətbəxş olmayan bəzi məqamlar ortaya çıxıb. Məlum olub ki, həmin ərazilərdə təxminən 100-ə yaxın avtobus işdən sonra binaların həyətlərində, səkilərdə, yolun hərəkət hissəsində və digər qanunla qadağan edilmiş ərazilərdə saxlanılır. Hətta yanacaqdoldurma məntəqələrini və ətraf əraziləri özünə dayanacaq seçən avtobus sürücülərinə də rast gəlinib. Səhər isə saat 6-7 radələrində həmin sürücülər heç bir tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmadan sükan arxasına əyləşərək sərnişindaşıma ilə məşğul olurlar. Bu isə ictimai nəqliyyat sahəsində təhlükəsizliyin tam təmin edilməsinə ciddi əngəl yaradır. Araşdırma zamanı həmçinin müəyyən edilib ki, reysə çıxan sürücülər hər gün tibbi müayinədən keçməli olduqları halda bəzi sərnişindaşıma şirkətləri həmin sənədi avtobusu idarə edən şəxslərə aylıq təqdim edirlər.
Dövlət Yol Polisi sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, sərnişin daşıma sahəsindəki normativ aktlar və qaydalara əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalıdır. Qarajda nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə hər gün reys qabağı tibbi müayinədən keçirilməlidirlər. Sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər bunu mütləq şəkildə təmin etməlidirlər.

Qeyd edilən qayda pozuntularına yol verən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib ki, avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir.

İlham Əliyev bildirib ki, şəhər nəqliyyatı sahəsində də irəliləyiş var: "Biz şəhər nəqliyyatının təkmilləşdirilməsi işində islahatlar aparırıq, həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində. Bu il şəhərimizə əlavə 300 yeni müasir avtobus gətiriləcək. Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir. Dövlət bu sahədə öz liderliyini göstərməlidir. Çünki son vaxtlar baş vermiş dəhşətli qəzalar bizim hamımızı çox üzür və bu, vətəndaşlar üçün çox böyük faciədir, böyük itkidir. Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur".

Prezident əlavə edib ki, mühafizə orqanları belə hallara çox ciddi reaksiya verməlidir və belə hallar nəzarətdə olmalıdır:

"Çünki bəzi hallarda bu hadisəni törədənlər müəyyən müddətdən sonra məsuliyyətdən yayınırlar. Ona görə, buna son qoymaq üçün müvafiq qurumlar tərəfindən çox ciddi təftiş aparılmalıdır. Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır. Ona görə, bizim dövlət qurumumuz var - "Bakubus" şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir".
Geri qayıt