Əsas Səhifə > Son xəbərlər, Cəmiyyət > Məktəblinin “ağır yükü” - Çantaların ağırlığı nə qədər olmalıdır?

Məktəblinin “ağır yükü” - Çantaların ağırlığı nə qədər olmalıdır?


14-09-2018, 16:45
Məktəblinin “ağır yükü” - Çantaların ağırlığı nə qədər olmalıdır?

Artıq yeni tədris ili başlayır. Valideynlər büdcələrinə uyğun olaraq, övladları üçün məktəbə lazım olan ləvazimatları alıblar. Bu ləvazimatların ən əsası məktəb çantalarıdır. Çünki uşaq bütün tədris ili boyu alınan çantanı daşıyır. Bəzən valideynlərin seçdiyi çantalar uşaqların sağlamlığında problemə yol açır.

Çanta məktəblilərin hər gün istifadə etdiyi əsas əşyalardan biridir. Ona görə də valideynlər çanta seçimində diqqətli olmalıdırlar.

Milli.Az xəbər verir ki, ekspert Nadir İsrafilov oxu.az-a açıqlamasında bildirib ki, hər il yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbli çantalarının ağırlığı məsələsi gündəmə gəlir:

"Valideynlər məktəbli çantasına kitab-dəftər, qələm, qələm yonan, pozan, xətkeş, boya, rəsm dəftəri, iş dəftəri, test kitabçası, uşaq üçün yemək qabı, su və daha nələr qoyurlar. Yaş fiziologiyasına uyğun seçilməyən çantanın öz ağırlığını da nəzərə alsaq, əlavə şərhə ehtiyac qalmır. Təhsil Nazirliyinin məsələyə münasibəti belə olub ki, çantaları valideynlərin özləri ağırlaşdırır.

Əksər valideynlər isə məktəb bufetlərində normal, sağlamlığa ziyanı olmayan qida məhsullarının yoxluğunu əsas gətirərək və bir çox mənşəyi məlum olmayan "bufet məhsullarının" övladlarının sağlamlığına hər hansı bir ziyan yetirəcəyindən ehtiyatlanaraq, çantalara qida və su qoymaqda israrlıdırlar.

Baxmayaraq ki, uşaqlar üçün fiziki, zehni və maddi yükə çevrilən iş dəftərləri artıq neçə illərdir ki, Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılıb, bununla belə, bir çox məktəblərdə bəzi məktəb rəhbərləri və müəllimlər hələ də valideynləri bu ləğv olunan və nəşriyyatlar tərəfindən hələ də satışa çıxarılan iş dəftərlərini valideynlərə məcburi aldırmaqda maraqlıdırlar. Uşaqlarımızın fiziki və mənəvi sağlamlığının pozulması bizim üçün onların ağırlaşdırılmış tədris yükündən daha ağır yükə çevrilə bilər".

Ekspert qeyd edib ki, uşaqların çantalarının ağırlığı bədən çəkisinin 15 faizini keçməməlidir:

"Bəzi rəylərə əsasən, şagirdin çəkisinin 10 faizindən aşağı olması tövsiyə olunur".

Pediatr Vaqif Qarayevin sözlərinə görə, son zamanlar uşaqların onurğa sütununda deformasiyalar artıb:

"Bunun əsas səbəblərindən biri ağır çantalardır. Çanta seçimində valideynlər diqqətli olmalıdırlar. Vizual görünüş üçün ağır çantalar almaq mənasızdır. Çanta yüngül, praktik olmalıdır. Hər iki kürəyi eyni qaydada tutmalıdır. Uzunluğu kəmərə kimi gəlməlidir ki, çanta onurğa sütununu bütövlüklə tutsun. Fikrimcə, dərs yükünün azaldılması çanta ağırlığını da azaldacaq".

Vaqif Qarayev bildirib ki, ləvazimatla birlikdə çantanın ağırlığı uşağın çəkisinin 10 faizini təşkil etməlidir:

"Tutaq ki, altı yaşında uşağın çəkisi 22 kiloqramdırsa, onun çantasının çəkisi 2,2 kiloqram olmalıdır. Bu, çox vacibdir. Amerika Birləşmiş Ştatlarında isə həkimlərin fikirləri başqadır. Onlar hesab edir ki, birinci sinifdə ləvazimatla birlikdə çantanın çəkisi 1,2, ikinci sinifdə 1,6, üçüncü sinifdə 2-3, dördüncü sinifdə isə 2,6 kiloqram olmalıdır. Başqa cür olan zaman skolyoz yarana bilər. Eyni zamanda, çanta ağırlığı uşaqlara psixoloji təsir edir".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır:

"Şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib-çıxarır.

Beynəlxalq təcrübə və qəbul olunan prinsiplərə görə, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir".

Bəs, şagirdlər üçün çanta necə seçilməlidir?

Çiyin asqıları enli və ortopedik olan çantalar seçilməlidir. Onu alan zaman boş vəziyyətdəki ağırlığına diqqət edilməlidir. Ağır çanta uzun müddət daşındığı vaxt, uşaqlarda onurğa probleminə səbəb olur. Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa kömək edir.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov bildirib ki, yeni tədris ilində şagirdlərin qiymətləndirməsində yeniliklər olacaq. Bu yeniliklərə şagirdlərin dərs yükü də daxildir.
Geri qayıt