DataLife Engine / Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunov - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunov - VİDEO


Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ldə Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olmuşdur. Səkkiz qardaşı və iki bacısı olan Albert ailəsinin sonbeşiyi idi. Əslən dağ yəhudisi olan Aqarunovun ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, onlar sonradan Əmircana köçmüşdülər. Albertin atası Aqarun neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. Anası Lio sovet hökuməti tərəfindən "Qəhrəman Ana" adına layiq görülmüşdür; bu titul çoxsaylı uşağı olan analara verilirdi.

Albert uşaq yaşlarından musiqilə maraqlanmış, musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi. Aqarunov Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkizinci sinfini bitirmiş, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. O, 1987-ci ildə SSRİ ordu sıralarında hərbi xidmətə çağırılmışdır. Gürcüstanın Axalkalaki rayonunda xidmətə başlayan Aqarunov starşina rütbəsi alaraq tank komandiri olmuşdur. 1989-cu ildə ordudan tərxis olunmuş, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir.

1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın bütün yəhudi sakinləri həm zorakılıqdan, həm də hərbi xidmətdən yayınmaq üçün İsrailə, Avropaya və ya ABŞ-yə mühacirət etmək imkanına malik idilər. Ailəsinin digər üzvləri ölkədən xaricə köçsə də, Aqarunov Azərbaycanda qalmış və 1991-ci ildə cəbhə bölgəsinə könüllü getmişdir. Əsgər yoldaşları tərəfindən əla atıcı və tankçı hesab edilən Aqarunov tank briqadasının tərkibində, kapitan rütbəsində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuş, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Orduda kifayət qədər təlimatçı olmadığından Aqarunov əsgər yoldaşlarına T-72 tankını idarə etməyi öyrədirdi. O, sonra Elçin Məmmədovun başçılıq etdiyi 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədə tank komandiri təyin edilmiş və Şuşa cəbhəsinə göndərilmişdir. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində erməni qüvvələri ilə gedən intensiv döyüşlərdə iştirak etmişdir. Azərbaycan mənbələrinə görə, Aqarunov 1991-ci ilin dekabrında erməni qüvvələrinə aid bir neçə tankı və zirehli vasitəni zərərsizləşdirmişdir. Həmçinin, onun erməni qüvvələrinə aid iki tank bir-birinə yaxınlaşan zaman bir mərmi ilə iki tankı vurduğu iddia edilmişdir. Buna görə də bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını almışdır. Ermənilər bu səbəblərə görə onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.

Şuşa 1992-ci ilin yazında Azərbaycan müqavimətinin yeganə mühüm mərkəzi idi. Şəhər Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə gedən yolda yerləşirdi və regionda Azərbaycanın nəzarət etdiyi ən böyük məntəqə idi. Bu səbəbdən erməni hərbi komandanlığı öz səylərini Şuşanı ələ keçirməyə yönəltdi və nəticədə, müharibənin episentri Şuşaya keçdi. Artıq 7 mayda azərbaycanlı hərbçilərin çoxu Şuşanı tərk etmişdi və erməni qüvvələri gecə saatlarında şəhərə hücum etməyə başlamışdı. Aqarunov Şuşada qalan son azərbaycanlı hərbçilərdən idi. Gün ərzində şəhərin şimalındakı teleqüllə və şərqindəki həbsxana uğrunda şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yola sürürdü və bu əsnada Aqarunovun tankı peyda oldu. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açmağa başladı. Avşaryanın tankı üç dəqiq zərbədən sonra alışdı, özü isə lyuku açıb çölə atlamağı bacardı, lakin sürücüsü və atıcısı həlak olmuşdur. Bu hadisə nəticəsində ağır yaralanan Avşaryan sonradan Aqarunov haqqında "o, əla atıcı idi" demişdir. Bu, Birinci Qarabağ müharibəsi zamanı ilk tank döyüşü idi və dövrün mətbuatında geniş işıqlandırılmışdı. Müharibədən sonra ermənilər Avşaryanın T-72 tankını bərpa edib yenidən rəngləyərək onu Xankəndi–Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdır. Həmin abidə 2023-cü ilin sentyabrında Qarabağda baş tutan döyüşlər zamanı yığışdırılmışdır.

Aqarunov daha sonra Şuşa–Laçın yoluna doğru irəliləmişdir. O burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırmış və ona yol göstərmək üçün tankdan enmişdir. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur. Artıq ermənilərin hücumu dayandırılmışdı, Azərbaycan hərbi komandanlığı isə ermənilərin geri çəkildiyini düşünmüşdü. Onlar bu fasilədən şəhəri tərk etmək üçün istifadə etdi və erməni qüvvələri 9 mayda, səhər saatlarında boş olan Şuşanı işğal etmişdir.

Aqarunovun nəşi xəstəxanaya göndərilmiş, oradan isə helikopterlə Bakıya aparılmışdır. Kapitan 11 mayda Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmişdir.

18-10-2023, 15:47
Вернуться назад