DataLife Engine / Əfsanəvi azərbaycanlı VƏFAT ETDİ

Əfsanəvi azərbaycanlı VƏFAT ETDİ


Əfsanəvi sovet jurnalisti, “Sovinformburo”nun keçmiş baş redaktoru, Böyük Vətən Müharibəsi veteranı, Nürnberq məhkəməsində tərcüməçi olmuş Ənvər Məmmədov 100 yaşında vəfat edib.

Bu barədə REALXEBER.AZ Məmmədovun yaxınlarına istinadən məlumat yayıb.

Avqustun 15-də Ənvər Məmmədov 100 illik yubileyini qeyd edib. O, “Sovinformburo”nun keçmiş baş redaktoru, Nürnberq məhkəmələrində tərcüməçi olub. Məmmədov 1956-cı ilə qədər Radio Komitəsinin baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olan Məmmədov ölümünə qədər “RİA-Novosti” agentliyində redaktor məsləhətçisi olaraq fəaliyyət göstərib.

O, ingilis, alman, italyan və fransız dillərini bilirdi.

“Bəzi qeyri-dəqiqliklər və qeyri-müəyyənliklər olan yerdə çox dəqiq şərhlər verdi. Bu mənada o, çox istedadlı, irfanlı insan idi”, - deyə SSRİ və Rusiya Dövlət Televiziya və Radio Verilişlərinin siyasi müşahidəçisi Aleksandr Tixomirov Məmmədovla bağlı xatirələrini bölüşüb.

Ənvər Məmmədov 1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır.

Yeddinci sinifi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunub. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra Bakıya qayıdıb və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. Böyük Vətən Müharibəsində iştirak edib.

1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib. 1944–1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub.

1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib.

1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləyib. Həmin il XİN-ə qayıtmış, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləyib.

1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olub. 1961-ci ildə "Novosti" mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilib. 1962–1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olmuşdur. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olmuşdur. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak edib. 1986–1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləyib.


7-09-2023, 11:44
Вернуться назад