DataLife Engine / Paşinyanın Putinlə "gizli və kirli sövdələşmə"si pozulur: Ermənistan üçün iki fəlakət ssenarisi eyni vaxtda işə düşür

Paşinyanın Putinlə "gizli və kirli sövdələşmə"si pozulur: Ermənistan üçün iki fəlakət ssenarisi eyni vaxtda işə düşür

Paşinyan hakimiyyətinin Kreml əleyhinə davranışları sadəcə, manipulyasiya olmaqla, Rusiyaya sanksiyalardan yayınmaq üçün göstərilən gizli dəstəyin üzərini örtməyə hesablanmışdı... İndi həmin "gizli və kirli sövdələşmə" ifşa edilib, rəsmi İrəvan ondan imtina edərsə, Rusiyanın, əks haldasa, ABŞ və Qərbin sərt reaksiyası ilə barışmalı olacaq...

Ermənistan Cənubi Qafqazda geopolitik proseslərin içərisində çabalama mərhələsinə qədəm qoyub. Rəsmi İrəvanın israrla qazdığı "regional quyu"ya artıq Ermənistanın düşməkdə olduğu müşahidə edilir. Və belə qəliz, üstəlik xaotik situasiyadan Ermənistanın yaxın vaxtlarda çıxa biləcəyi isə qətiyyən inandırıcı görünmür.

Məsələ ondadır ki, rəsmi İrəvan dünyanın nəhəng dövlətlərinin hamısına eyni vaxtda xidmət etmək siyasəti yürütməyə çalışır. Əsas məqsədsə, həmin dünya nəhənglərinin ümumi dəstəyini və onların regional maraqlarından faydalanmaq şansı qazanmaqdır. Nəticədə Ermənistan nəinki dünya nəhənglərinin dəstəyini qazana bilməyib, əksinə, onların sərt təzyiqlərini öz üzərinə çəkməklə, daha təhlükəli duruma düşüb.

Rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə Rusiyaya qarşı mövqe tutmaqda xüsusi canfəşanlıq göstərib. Ermənistan cəmiyyətində son beş il ərzində davamlı olaraq, Rusiyanın əleyhinə propoqanda aparılıb. Rəsmi İrəvan Azərbaycan ərazilərində ermənilərə süni şəkildə dövlət uydurmuş Rusiyanın Ermənistana düşmən obrazını yaratmağa nail olub.

Rusiyanın İrəvandakı səfirliyinin Ermənistan əhalisi arasında apardığı rəy sorğularının nəticələri Kremldə sözün əsl mənasında, ciddi çaşqınlıq yaradıb. "Hraparak" nəşrinin məlumatına görə, baş nazir Nikol Paşinyanın inqilabi proseslərlə hakimiyyətə gəldiyi 2018-ci ilə qədər Ermənistan əhalisinin 70 faizi Rusiyanı yeganə strateji müttəfiq hesab edirdi. Son rəy sorğularındasa, ermənilərin yalnız 40 faizi Rusiya ilə normal münasibətlərin qorunmasını vacib sayır. Və bu, Kremldə artıq olduqca ciddi narahatlıq doğurmağa başlayıb.

Rusiya ümumiyyətlə, Ermənistanın son davranışlarından müəyyən neqativ nəticələr çıxartdığını qətiyyən gizlətmir. Xüsusilə də, Ermənistanın ABŞ-ın təşkil edəcəyi hərbi təlimlərə qatılacağı ilə bağlı rəsmi məlumatlara da sərt reaksiya vermişdi. Sonradan rəsmi İrəvan Kremlin təzyiqlərinə tab gətirməyərək, Ermənistanı həmin təlimlərə qatılacaq dövlətlərin siyahısından çıxartmaq məcburiyyətində qaldı.

Ancaq buna baxmayaraq, Rusiya və Ermənistan arasında hərbi müttəfiqliyə zidd fəaliyyət mövzusunda qarşıdurma hələ də davam edir. Belə ki, Ermənistan müdafiə naziri Suren Papikyanın NATO baş qərargahında keçirdiyi son görüşlər Rusiyanı ciddi şəkildə qıcıqlandırıb. Üstəlik, Kremldə Ermənistanın NATO hərbi təlimlərinə qatılmaq qərarı da önəmli müzakirə mövzusudur. Hətta Rusiya Xarici İşlər Nazirliyi rəsmi İrəvandan bu məsələ ilə bağlı izahat da tələb edib. Və Kreml Ermənistana yönəlik prinsipial mövqeyini məhz rəsmi İrəvanın verəcəyi izahatın məzmununa görə müəyyən etmək niyyətindədir.

Hələlik rəsmi İrəvan bu məsələyə münasibət bildirməsə də, Paşinyan hakimiyyətinə yaxın deputat Artur Ovanisyan Kremlin izahat tələbindən təəccübləndiyini gizlətməyib. Onun fikrincə, rəsmi İrəvan Ermənistanın təhlükəsizlik maraqları çərçivəsində belə addımlar atmaqda haqlıdır. Erməni deputat Ermənistanın həm strateji tərəfdaş kimi həm Rusiya, həm də digər strateji tərəfdaş ölkələrlə hərbi təhlükəsizlik sahəsində əməkdaşlıq etməsinin normal proses olduğunu vurğulayıb.

Ancaq erməni deputatın bu "normal proses"də nəzərə almaq istəmədiyi bir önəmli məqam da var. Ermənistan onun dediyinin əksinə olaraq, Rusiyanın strateji tərəfdaşı deyil, hərbi müttəfiqidir. Rusiyanın strateji müttəfiqi, KTMT-nın da üzvü olan Ermənistanın Kremlə düşmən NATO ilə hərbi əməkdaşlığı heç bir "normal proses" uydurması çərçivəsində izah edilə bilməz. Və bunu yalnız Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyə xəyanət etməsi kimi dəyərləndirmək mümkündür.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan ABŞ və Qərbin dəstəyini qazanmaq üçün Rusiya əleyhinə fəaliyyətini davam etdirir. Halbuki, bunun qarşılığında ABŞ və Qərbdən umduğu həmin dəstəyi də heç cür ala bilmir. Üstəlik, rəsmi İrəvan Rusiyaya xəyanət etdiyi halda, ABŞ və Qərbin Ermənistana açıq-aşkar neqativ yanaşmasının səbəblərini də anlamaqda çətinlik çəkir.

Halbuki, rəsmi İrəvan bunun əsas səbəblərini məhz özünün sürüşkən davranışlarında axtarmalıdır. Paşinyan hakimiyyəti həm Rusiyanı, hım də ABŞ və Qərbi eyni vaxtda aldada biləcəyinə özünü inandırmaqla, yalnız Ermənistana sarsıdıcı zərbələr vurur. Və Kremlə açıq xəyanət manipulyasiyalarının arxasında gizlənməyə çalışan rəsmi İrəvanın həm də Rusiyaya sanksiyalardan yayınmağa yardım etdiyini Qərbdə tam dəqiqliyi ilə görməyi bacarırlar.

Hətta rəsmi İrəvanın Ermənistan biznesini qaçaqmalçılıq modelinə keçirməsi də Paşinyan hakimiyyətinin iqtisadi fırıldaqlarını gizlətməyə yetərli olmayıb. Hər halda, ABŞ və Qərb iqtisadiyyatı çökmüş və istehsal statistikası olmayan Ermənistanın Rusiyaya müxtəlif avadanlıqlar ixracını üç dəfədən çox artıra bilməsinin səbəblərini anlaya bilməyəcək qədər sadəlövh deyil. Qərbdə Ermənistanın sanksiyalar altında olan xarici avadanlıqları idxal edərək, Rusiyaya satdığı barədə təkzibedilməz faktlar mövcuddur.

Üstəlik, həmin faktlar Qərb mətbuatında artıq geniş şəkildə müzakirə mövzusuna çevrilib. Hətta son vaxtlar Ermənistan mətbuatında da Paşinyan hakimiyyətinin qaçaqmalçılıq fəaliyyəti açıq şəkildə etiraf edilməyə başlayıb. Hər halda, rəsmi İrəvan Ukrayna savaşı başlandıqdan sonra Ermənistanın Rusiyaya ixracı üç dəfədən çox necə artıra bildiyini də mütləq izah etməli olacaq. Ukrayna savaşına qədər Ermənistandan 800 milyon dollara yaxın olan ixrac göstəriciləri 2022-ci ildə gözlənilmədən 2,5 milyard dollarlıq səviyyəyə yüksəlib.

"Hraparak" nəşri Paşinyan hakimiyyətinin bu ixrac fırıldağı ucbatından ABŞ və Qərbin sərt təzyiqləri ilə üzləşdiyini iddia edir. Yayılan məlumatlara görə, baş nazir Nikol Paşinyana Almaniya səfəri zamanı Qərb siyasi dairələri tərəfindən Rusiyaya "paralel ixrac"ın yolverilməz olduğu barədə açıq xəbərdarlıq edilib. Erməni baş nazir isə ölkəyə döndükdən sonra biznes və bank sektorunun təmsilçiləri ilə bu barədə qapalı toplantı keçirmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti biznes və bank sektoruna Rusiyaya sanksiyalardan yayınmaqda dəstək verilməsini qəti şəkildə qadağan edib. O, əks halda, Ermənistanın da Rusiyanın məruz qaldığı sanksiyaların eynisi ilə üzləşə biləcəyini vurğulayıb. Halbuki, rəsmi İrəvanın və Ermənistan biznes-bank sisteminin bu sahədə ciddi addımlar atdığını düşünmək də sadəlövhlük olardı. Çünki əgər, rəsmi İrəvan Rusiyaya "paralel ixracı" tam dayandırmış olsaydı, ABŞ bəzi Ermənistan biznes qurumlarına son sanksiyaları tətbiq etməzdi.

Böyük ehtimalla rəsmi İrəvan ABŞ və Qərbin tələblərini yerinə yetirməkdə də çətinlik çəkir. Çünki bu halda, Rusiyanın Ermənistana qarşı daha sərt addımlar ata biləcəyi qətiyyən istisna deyil. Hər halda, "paralel ixrac" dayandırılarsa, Kremlin Ermənistanın "kaprizlər"inə bu qədər səbrli davranması üçün də elə bir ciddi səbəb qalmayacaq. "Paralel ixrac" davam edəcəyi təqdirdəsə, Ermənistan ABŞ və Qərbin daha sərt reaksiyası ilə üzləşməli olacaq.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti ikibaşlı kirli oyunlarla Ermənistanı hər iki tərəfin neqativ mövqeyinə hədəf edib. Belə ehtimal etmək olar ki, rəsmi İrəvanın son vaxtlara qədər israrlı davrandığı Rusiya əleyhinə mövqe sadəcə, manipulyasiya olub. Yəni, Kremllə gizli şəkildə sövdələşən rəsmi İrəvan əslində, Rusiyaya sanksiyalardan yayınmaq üçün göstərdiyi dəstəyi gizlətməyə çalışıb. İndisə, bu fırıldağın üstü açılıb və rəsmi İrəvan prinsipial seçim etmək məcburiyyətində qalıb. Yəni, ya Rusiyaya sanksiyalardan yayınmağa göstərilən dəstək dayandırılacaq və Ermənistan Kremlin adekvat reaksiyasına məruz qalacaq. Ya da rəsmi İrəvan Kremllə qaçaqmalçılıq modelinə bağlı gizli sövdələşməyə sadiq qalmaqla, ABŞ və Qərbin daha sanksiyaları ilə barışmalı olacaq. Və bu variantların hər ikisi Ermənistan üçün birmənalı şəkildə fəlakət ssenarisidir. (Yeni Müsavat)
15-04-2023, 09:30
Вернуться назад