Altay Həsənov: "Avropa Oyunlarında bizi medallar gözləyir"

Altay Həsənov: "Avropa Oyunlarında bizi medallar gözləyir"
"Bizi irəlidə Avropa Oyunları çərçivəsində gimnastika bayramı gözləyir. Bildiyiniz kimi, Avropa Oyunlarında gimnastika növləri üzrə yarışlar 2015-ci ilin 14-21 iyun tarixlərində baş tutacaq. Avropa Oyunları ilk dəfə Bakıda keçiriləcək və Avropa idman tarixi yazılacaq. Biz çox istərdik ki, burada uğurla çıxış edək. Bunu hamımız - azarkeşlər, federasiyamız gözləyir. Biz tam hazırıq, bu gün də idmançılarımızın hazırlıq səviyyəsinə baxmaq üçün burada toplaşmışıq".

Trend-in məlumatına görə, bunu birinci Avropa Oyunları ərəfəsində gimnastların Milli Gimnastika Arenasında yoxlama məşqlərindən sonra jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

A.Həsənov hesab edir ki, gimnastların hazırlığı qənaətbəxşdir: "Zədələr olmasa, hakimlər öz işlərini yaxşı, düzgün aparsalar, gimnastlar da yaxşı çıxış etsə, medallar qazanacağıq. Buna inanırıq. O ki qaldı şəraitə, möhtəşəm arenamız var, gözəl fan-klubumuz, azarkeş dəstəyimiz var".

Azərbaycanda birinci Avropa Oyunlarını izləmək istəyən hər kəsi, o cümlədən Bakının bütün qonaqlarını Milli Gimnastika Arenasına dəvət edən A.Həsənov deyib ki, biletlər çox ucuzdur: "Heç Avropada belə qiymətlər yoxdur. Gözəl şərait var. Gəlin, hamımız bu gözəl bayramda iştirak edək, idmançılarımıza dəstək olaq".

O qeyd edib ki, Azərbaycanda gimnastikanın inkişaf etdirilməsinə 10 il öncə başlanılıb: "Ən çox da bədii gimnastikanı inkişaf etdirmişik. Ona görə də bizim nailiyyətlərimiz bununla bağlıdır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar bizə təkan verdi ki, 2013-cü ilin sonundan digər gimnastika idman növlərini də inkişaf etdirək. Bu növlər aerobika, qadın idman gimnastikası və batutdur. Biz gələcəkdə bu idman növləri üzrə yarışlarda da nailiyyətlər gözləyirik".

Federasiyanın vitse-prezidenti bildirib ki, bu gün komandada psixoloji durum yaxşıdır: "Gimnastlar hazırlaşırlar, bəzi səhvlər olur. Ümid edirik ki, Avropa Oyunlarında həmin səhvlər olmayacaq. İnanırıq ki, işimizin nəticəsi olaraq Avropa Oyunlarında bizi medallar gözləyir. Çünki həqiqətən də Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva, federasiyanın bütün işçiləri, idmançılar və məşqçilər böyük zəhmət çəkiblər. Bu zəhmətin qarşılığında medallar da olmalıdır".

19-05-2015, 21:09



Fikirlər