SON DƏQİQƏ: Bakıda dəhşətli yanğın, ölənlər var

SON DƏQİQƏ: Bakıda dəhşətli yanğın, ölənlər var
15:03

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ölənlərin sayı 13 nəfərə çatıb. 61 nəfər xəsarət alıb.

---------

14:58

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ölənlərin sayı 12 nəfərə çatıb. 10 nəfərə yerində tibbi yardım göstərilib, 54 nəfər xəsarət alıb.

----------

14:29

Yanğın zamanı ölənlərin sayı artmaqdadır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, ölənlərin sayı 10 nəfərə çatıb, 41 nəfər isə xəsarət alıb.

----------

14:24

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, ölənlərin sayı 7 nəfərə çatıb, xəsarət alanlar isə 26 nəfərdir.

---------

14:17

Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir. Ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.

Onun sözlərinə görə, hadisə nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərə isə yerində yardım edilib.

---------

14:04

Azərbaycan paytaxtında yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda binada güclü tüstülənmə var. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

---------

14:01

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, bina yanğını zamanı ölənlərin sayı 5 nəfərə çatıb, xəsarət alanlar isə 20 nəfərdir. 6 nəfərə hadisə yerindəcə ilkin yardım göstərilib.

----------

13:25

Bakıda yanğın baş verən binadan 8 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə gətirilib.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, onlardan 2-si uşaqdır. Digər zərərçəkənlərin isə 3-ü kişi, 3-ü qadındır. Onların 8-nin də vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, baş prokuror Zakir Qaralov hadisə nəticəsində 4 nəfərin öldüyünü bildirib.

---------

13:08

Baş prokuror Zakir Qaralov hadisə yerində jurnalistlərə açıqlama verib. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, baş prokuror bildirib ki, yanğın nəticəsində 4 nəfər ölüb, 14 nəfər isə müxtəlif formalı xəsarətlər alıb. Hadisə yerinə cəlb olunmuş FHN-in yanğınsöndürənlərindən bir neçəsi isə tüstüdən zəhərlənib.

Z.Qaralovun sözlərinə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı birgə istintaq qrupu yaradıb və müstəntiqlər artıq araşdırmaya başlayıb. Baş prokuror deyib ki, ilkin ehtimallara görə, yanğının baş verməsinə binaya çəkilmiş üzlük materialının keyfiyyətsiz olması səbəb olub. Onun sözlərinə görə, artıq binanın üzlənməsi ilə bağlı bütün təhvil-təslim sənədləri istintaq qrupu tərəfindən götürülüb.

--------

12:53

Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın zamanı biri azyaşlı olmaqla iki nəfər həlak olub. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı 15 yaralı qeydiyyata götürülərək dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib. Onlardan 7-si 1 saylı Klinik Tibbi Mərkəzə, digərləri isə Bakı Sağlamlıq Mərkəzinə, 5 saylı Xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib. Nazirlikdən bildirilib ki, hadisə yerinə 30 Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadası təhkim edilib.

---------

12:38

Binəqədi İcra Hakimiyyətindən Milli.Az-a bildirilən məlumata görə, Azadlıq 189 ünvanda yerləşən binada 56 mənzil var. Binadan insanlar çıxarılıb. Bir ailə içəridə köməksiz vəziyyətdə qalıb. İşlərə 57 xilasedici cəlb olunub.

Milli.Az-ın hadisə yerində olan əməkdaşı isə bildirir ki, yanan binada hələ də insanlar köməksiz vəziyyətdədir. Bu dəqiqələrdə bir körpəni xilasedicilər çıxarıblar.

Helikopter 5 dəfə uçuş etsə də, yanğın hələ də söndürülməyib.

-----------

12:31

Səhiyyə Nazirliyindən Trend-ə bildiriblər ki, yanğın nəticəsində hazırda biri azyaşlı olmaqla 2 nəfər ölüb. 15 yaralı isə qeydiyyata alınıb.

Hazırda hadisə yerində təcili yardımın 30 briqadası işləyir.

---------

12:27

Milli.Az bildirir ki, hadisə yerindən Əzizə İsmayılovanın verdiyi məlumata görə, 14-cü mərtəbədən bir ana ilə uşağı əl yelləyərək kömək gözləyirlər.

---------

12:25

Milli.Az-ın hadisə yerində olan əməkdaşına hadisə şahidləri bildiriblər ki, yanğın olan binanın 8-ci mərtəbəsindən bir nəfər özünü atıb. Onun 18-20 yaşlı qız olduğu bildirilir.

---------

12:18

Milli.Az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, xilasetmə işlərinə helikopter cəlb olunub.

----------

12:09

Bakıda hazırda yanğın baş verən binada jurnalist Sevinc Fədai körpəsi ilə birgə qalıb.

"Qafqazinfo" xəbər verir ki, jurnalist və bir aylıq körpəsi hələ də xilas olunmayıblar. Onlar tüstüdən boğulma təhlükəsi ilə üz-üzə olduqlarını bildiriblər.

Qeyd edək ki, hadisə Azadlıq metrosunun yanındakı 16-mərtəbəli binada baş verib.

----------

12:05

Milli.Az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, ölən və yaralılar var. Hadisə şahidləri bildirirlər ki, ilkin məlumata görə, 3 nəfər ölüb. Ana ilə uşağı özlərini binadan atıblar. Azyaşlı bir uşaq isə 9-cu mərtəbədə köməksiz qalıb.

Xeyli yaralı var. Sakinlər yanan binadan çıxmağa çalışarkən xəsarət alıblar.

----------

11:47

Milli.Az bildirir ki, hadisə yerindən Əzizə İsmayılova yazır:

"FNH oradadır. İçəridə adamlar var. Dedilər ki, xilasedicilər içəridə evakuasiyaya başlayıblar. Maşınlara da ziyan dəyib. İnsan tələfatı haqda məlumat hələ ki yoxdur. Arada partlayış səsinə oxşayan səs gəlir, nə olduğunu anlaya bilmirəm. Yaxınlığa kimsə buraxılmır. Yanğınsöndürən maşınlar gəlməkdədir. Orada olduğum müddətdə təcili yardımın kimisə apardığını görmədim. İnşallah ki, içəridən hər kəsi çıxara biliblər".

----------

11:24

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, hal-hazırda binanın 80 faizi yanaraq külə dönüb. İlkin versiyaya görə, yanğın öncə xırda sahəni əhatə edirmiş, ancaq fasada plastik üzlük çəkildiyinə görə yanğın daha da çoxalıb.

Hadisə yerinə FHN-in əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub. Sakinlər və ətrafdakı insanlar evakuasiya olunublar. Şahidlər onu da əlavə edirlər ki, yeni vurulmuş plastik üzlükdən əlavə, şüşələr də istidən partlayaraq ətrafa yayılıb.

--------

11:13

Bakıda dəhşətli yanğın baş verib. Milli.Az xəbər verir ki, Azadlıq 189 ünvanında yerləşən 9-mərtəbəli binanın fasadında güclü yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürən və təcili yardım cəlb olunub.

19-05-2015, 20:25



Fikirlər