Belqradda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunub http://azertag.az/xeber/818543

Belqradda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunub  http://azertag.az/xeber/818543



Belqrad şəhər meriyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilib.

Ölkəmizin Serbiyadakı səfirliyinin və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Serbiya Hökuməti və parlamentinin üzvləri, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, burada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, eləcə də Serbiyada yaşayan həmvətənlərimiz və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə AzərTAc-ın Naxçıvan və Azərbaycanın digər bölgələrindəki tarixi abidələri, təbiət mənzərələri əks etdirən fotolarından ibarət sərgi nümayiş olunub.

Tədbiri açan səfirliyimizin müşaviri Anar Əcəmov bildirib ki, Cənubi Qafqazda və Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir. Ölkəmiz hələ 1918-1920-ci illərdə müstəqillik dövrü yaşadığı zaman böyük uğurlar əldə edib: İslam aləmində ilk demokratik respublika məhz Azərbaycanda qurulub, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçib-seçilmək və kişilərlə bərabər hüquqlar verilib. 1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycanın müvəqqəti olaraq öz müstəqilliyini itirdiyini qeyd edən diplomat diqqətə çatdırıb ki, o zamankı sovet rəhbərliyinin həyata keçirdiyi qərəzli siyasət nəticəsində Azərbaycan əraziləri Ermənistana peşkəş verilib. Bunun nəticəsində dilbər guşələrimizdən biri olan Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşüb.

90 il əvvəl, 1924-cü ildə Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaradıldığını deyən A.Əcəmov bu tarixi hadisənin böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində dünyanın müxtəlif ölkələrində bir sıra tədbirlər təşkil olunur. Naxçıvanın bəşər tarixində insanların ilk məskunlaşdığı ərazilərdən və dünyada ən qədim mədəni mərkəzlərdən olduğunu vurğulayan diplomat qeyd edib ki, bu diyar tarixi irsinə, elmi, mədəni, siyasi və hərbi sahələrdəki nailiyyətlərinə görə Azərbaycanın önəmli bölgəsi hesab edilir. Naxçıvanın önəmi həm də görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin burada anadan olması ilə bağlıdır. Naxçıvan, həmçinin XII əsrin böyük memarı Əcəminin, görkəmli rəssam Bəhruz Kəngərlinin, məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyevin, Azərbaycan dramaturgiyasının tanınmış simaları Hüseyn Cavidin və Cəlil Məmmədquluzadənin vətənidir.

A.Əcəmov diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Naxçıvan da sürətlə inkişaf edir, beynəlxalq əlaqələrini genişləndirir. Naxçıvan şəhərində müasir Beynəlxalq Hava Limanının istifadəyə verildiyini deyən diplomat bildirib ki, Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması ilə Naxçıvandan birbaşa paytaxt Bakıya getmək mümkün olacaq.

Sonra Naxçıvan torpağının görkəmli oğlu, dünya şöhrətli dramaturq Cəlil Məmmədquluzadənin serb dilində nəşr edilmiş “Seçilmiş əsərləri” kitabının təqdimatı keçirilib. Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə işıq üzü gərən nəşrdə ön sözün müəllifi Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriçdir.

R.Andriç çıxış edərək son illər Azərbaycan ilə Serbiya arasında münasibətlərin müxtəlif istiqamətlərdə, xüsusilə humanitar sahədə sürətli inkişafından məmnunluğunu bildirib. Qeyd edib ki, iki ölkənin ədəbiyyat, elm, mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərləri, o cümlədən hazırkı tədbir dost Serb və Azərbaycan xalqları arasında yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsidir. O, ölkəmiz tərəfindən Serbiyada həyata keçirilən humanitar layihələrə görə Azərbaycan xalqına və hökumətinə, xüsusilə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbir Azərbaycan və Serbiya bəstəkarlarının əsərlərinin ifa olunduğu konsert proqramı ilə davam etdirilib.

http://azertag.az/xeber/818543

16-12-2014, 14:46



Fikirlər