Nəhəng şirkət Azərbaycanı tərk etdi

Nəhəng şirkət Azərbaycanı tərk etdiNorveçin neft-qaz nəhəngi “Statoil” Azərbaycanın “Şahdəniz” qaz yatağının işlənməsi üzrə konsorsiumdakı payını bütünlüklə Malayziyanın “Petronas” şirkətinə sataraq ölkəni tərk edib.

Virtualaz.org saytı Norveç KİV-lərinə istinadən xəbər verir ki, “Statoil” və “Petronas” “Şahdəniz”dəki 15,5 faizlik payın alqı-satqısına dair sövdələşməni bu gün yekunlaşdırıblar. Sövdələşməyə əsasən, “Statoil” Cənub Qafqaz Kəmərləri Şirkətindəki (SCPC) 15,5 faizlik payını da satlb.

Bununla da “Statoil” Azərbaycanın Avropa üçün hazırda yeganə alternativ mənbə olan iri qaz yatağını, eləcə də qazın Avropaya nəqlinə yönəlmiş infrastruktur layihələrini tərk etmiş olur. Konsorsiumda operatorluq isə SOCAR-a keçir.

“Statoil”un “Şahdəniz”i tərk edəcəyinə dair məlumat 2013-cü ilin dekabrında mətbuata sızdırılmışdı. Bundan əvvəl isə Malayziya baş nazirinin Bakıya işgüzar səfəri olmuşdu. Daha sonra təsdiqləndi ki, Norveçin dövlət neft-qaz nəhəngi Azərbaycanın iri enerji layihəsini tərk etmək və payını “Petronas”a satmaq qərarı verib.

Şirkətin menecmenti bunu “aktivlərin idarə edilməsinin optimallaşdırılması” ilə əsaslandırıb. Hərçənd ki, analitiklər “Statoil”un bu layihəni tərk etməsinin səbəbini yatağın ikinci fazasından hasilatın başlaması və qazın Avropaya nəqli üçün tələb olunan investisiyaların həcminin böyük olması ilə izah edirdilər. Bu layihələrə 40 milyard avrodan çox vəsait qoyulacaq.

30-04-2015, 21:28



Fikirlər