Aldadan uduşlar uşaqları xəyal qırıqlığına uğradır

Aldadan uduşlar uşaqları xəyal qırıqlığına uğradır
Bu gün valideynlərin əksəriyyəti uşaqlarını sağlam olmayan, amma uşaqların daha çox meyl etdiyi qidalardan uzaq tutmağa çalışır. Belə qidaları dadan uşaqlar onlardan əl çəkməsə də valideynlər bu qidalara qadağa qoymaqda israrlı olur. Amma çox vaxt da valideynlərin bu əziyyəti boşa çıxır.

Çünki istehsalçılar bu qidaların uşaqların tələb etməsi üçün müxtəlif yollara əl atırlar. Məsələn, son zamanlar şirin qarğıdalı çöpləri, saqqızlar, partladılmış qarğıdalı paketlərindən çıxan müxtəlif oyuncaqlar uşaqları daha çox cəlb edir. Maraqlıdır ki, bir sıra Avropa ölkələrində yeyinti məhsullarının içərisinə hər hansı bir əlavə oyuncaq və ya əşyanın yerləşdirilməsi qəti qadağan olunub. Ayaqüstü qidaların uşaqlarda yaratdığı köklük o qədər genişmiqyaslı yayılıb ki, bu cür qidalarda oyuncaqların da hədiyyə olaraq verilməsi və şirnikləndirilməsi uşaqlara birbaşa vurulan zərbə kimi qiymətləndirilir. Azərbaycanda isə demək olar ki, əksər qidalara həvəsləndirici kuponlar və hədiyyələr yerləşdirirlər. Zaman-zaman böyüklər belə kuponların həvəskarına çevrildiyi halda azyaşlıları bu alışqanlıqdan qorumaq heç də asan olmur.

Psixoloq Emil Behrudinin sözlərinə görə, uşağa alınan istənilən qidanın içindən oyuncaq, hədiyyə çıxmayanda uşaq xəyal qırıqlığına uğrayır. Bununla da inada düşən uşaq daha çox məhsul almağa başlayır. Əslində istehsalçı firmaların da niyyəti budur ki, uşaqlar ala bildikləri qədər alsın: "Təxminən 7-8 il bundan qabaq satışda "yumurtlayan yumurta" adı ilə maraqlı bir şirni satılırdı. İçərisində oyuncaq olan yumurta formasındakı şokolad uşaqların sevimli şokoladlarından idi. Bəzən bu oyuncaqlar silsilə şəkildə ardıcıl toplanmalı, bəzən yumurtadan çıxan hər hansı bir heyvanın balaları da digər yumurtadan tapılmalı idi. O zamanlar bu yumurtalar olduqca diqqət mərkəzində idi. Səbəb isə içərisindəki oyuncaqlar idi".

Həmsöhbətimiz bildirir ki, uşaqlarda xəyal qırıqlığı yaranmaması üçün onları bu cür vərdişdən qorumaq üçün analar da hiyləyə əl atmalıdırlar. Məsələn, belə qidalara meyl edən uşaqlara demək olar ki, o oyuncaq üçün bu qidanı alırsa, onun əvəzinə daha yaxşı oyuncaq almaq olar. "Deməklə kifayətlənməyin və uşaqlarınıza göstərin ki, o istədiyi zaman siz ona oyuncaq ala bilərsiniz. Lakin bu məsələdə də sərhədi keçməmək lazımdır. Əks halda, bundan istifadə edən uşaqlar daim oyuncaq aldırmağa başlayacaq və bu da uşaqda "hamısı mənim" psixologiyası inkişaf edəcək".

Ekspert Novella Əliyevanın dediyinə görə, uşaq psixologiyasından istifadə edən işbazlar əksər hallarda qidalara heç bir uduş qoymurlar. Ən pis halda isə pazl kimi xəritəyə bənzər bir şəkilin tamamlanması, daha sonra uduş vəd olunur ki, bu pazlın son parçası, ümumiyyətlə, heç bir qida paketinə qoyulmur. "Nəticədə isə yüzlərlə alınan paketdən son parçanın çıxması qeyri-mümkün olur".

Bu cür aldadılmanın qarşısının alınmalı olduğunu deyən ekspertin fikrincə, qidalara aldadıcı oyuncaqların qoyulmasının qarşılığı yüklü miqdarda cərimə olmalıdır: "Günəbaxan dənələri qutularında hədiyyəli, uduşlu və bu kimi şirnikləndirici vədlərlə böyüklər tora salınır. Gerçək budur ki, bu tora düşənlər az deyil. Belə olan halda uşaqlardan aldanmamasını gözləmək qeyri-mümkündür".

Onun sözlərinə görə, qidalarla oyuncaqların eyni bağlamada olması sağlamlıq üçün təhlükəlidir. Çünki bu cür oyuncaqların əksəriyyətinin mənşəyi bəlli deyil, istifadə olunan boyaların necəliyi sual altındadır. "Onsuz da ziyanlı olan qidalarla eyni bağlamada olan oyuncaqlar bu təhlükəni daha da artırmış olur. Belə qidaların istehsalına qadağa qoyulmaldır. Oyuncaqlarla şirnikləndirilmənin cəriməsi böyük olmalıdır. İçərisinə qoyulan oyuncaq bağlamanın üstündə olmalı və alıcı aldığının nə olduğunu görməlidir".

Qeyd edək ki, hamburger, çipsi, göbələk, kukruz, sosis, kolbasa, partladılmış qarğıdalı (pop-korn), makaron və bu kimi qidalar uşaqların sağlamlığına ziyandır və onların həyatı üçün təhlükləlidir. Belə ki, bu qidalar uşaqlarda artıq çəkiyə zəmin yaradır və ürək-damar xəstəlikləri də başda olmaqla bir çox xəstəliyin riskini ciddi şəkildə artırır. Həmçinin körpələr üçün hazırlanan sıyıqlar onlarda şəkər, ürək-damar xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, astma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur. Bütün bunları Amerikanın Pediatriya Akademiyasının alimləri bildirir.

29-04-2015, 20:13



Fikirlər