İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA

İstilik təchizatı QIŞA HAZIRDIR? - Rəsmi AÇIQLAMA

"Hazırda istilik təchizatı qış rejiminə keçid üçün tam hazır vəziyyətdədir”.

Bunu “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Redaktor.az-a açıqlamasında istilik təchizatının hazırkı durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, istilik təchizatı ilə bağlı münasibətlər "Azəristiliktəchizat” ilə abonentlər arasında bağlanmış müqavilə ilə tənzimlənir:

“Lakin hansısa təşkilat müraciət edib, ödənişə təminat verərsə, həmin təşkilat üçün istilik təchizatının vaxtından öncə başlanması məsələsinə baxıla bilər. Hələ ki, heç bir təşkilatdan müraciət daxil olmayıb. Dövlət proqramlarına uyğun, maliyyə təminatından asılı olaraq, tədbirlər planları icra olunur. Hər il olduğu kimi bu il də tədbirlər planı üzrə işlər başa çatmaq üzrədir. Keçən il stilik təchizatı olmayan mənzillərlə bağlı fərdi araşdırmalar aparılıb. Problemlər mənzildaxili dik dayaqlarının tutulması, istilik xətlərinin köhnə olması ilə bağlı olub. Bu problemlər mövcud qanunvericiliyə görə, vətəndaşlar tərəfindən həll edilir. Müvafiq maarifləndirmə işləri aparılıb, vətəndaşlara texniki dəstək olunub".

Qurum rəsmisinin sözlərinə görə, Bakı şəhərində 80 faiz yaşayış binaları istiliklə təmir olunub:

“20 faiz binaların da istiliklə təmin olunması üçün ərazilərdə istilik mənbəyi yaradılmalı, məhəllədaxili xətlər, binaların aşağı paylayıcı istilik sistemləri, məzildaxili xəttlər bərpa olunmalı, yeni istilik mənbəyi üçün qaz, elektrik enerjisi, su xətləri çəkilməlidir. Bunlar da əsaslı vəsait qoyuluşu tələb edən infrastruktur layihələrdir ki, dövlət proqramlarında öz əksini tapıb. Bunlar maddi təminat olduqca icra olunur. İşlər paralel şəkildə bütün rayonlarda görülür”.

Qurum rəsmisi əlavə edib ki, istiliyin tez verilməsi ilə bağlı ötən illərdə müraciətlər olub:

"Müraciətlər əsasında həmin yerlərə vaxtından əvvəl istilik verilib, amma indi hava soyuq deyil. Oktyabr ayında istiliyin verilməsi təcrübədə rast gəlinməyib. Gərək ki, orta sutkalıq temperatur 5 gün ardıcıl olaraq, 8 dərəcədən aşağı düşsün. Belə olan halda istilik mövsümünə başlamaq olar".

11-10-2019, 13:21



Fikirlər