Əbülfəs Qarayev çətin vəziyyətdə

Əbülfəs Qarayev çətin vəziyyətdə
Əbülfəs Qarayev çətin vəziyyətdə

Mədəniyyət və Turizm Nazirliyi ilə dövlət komitəsinin rəqəmləri arasında kəskin fərq aranı qarışdırıb

Dövlət Statistika Komitəsinin ölkədəki otellərlə bağlı açıqladığı rəqəmlər ciddi müzakirələrə səbəb olub. Belə ki, adıçəkilən komitənin son statistik bilgilərinə görə, 2014-cü ildə otellərin və qonaq evlərinin gəlirləri 5,7 faiz artaraq 181 milyon manat olub. Xərclər (147,1 mln manat) 1,1 faiz artıb, 33,9 mln manat mənfəət əldə edilib.

Gəlirlərin artımında xidmətin bahalanması da rol oynayıb: Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il xidmət haqları 2,2 faiz bahalanıb.
Xərclərin çoxu əmək haqları və sosial ayırmaların (31,3 faiz və 7,2 faiz), malın alınması və yemək və içki hazırlanması (16 faiz), amortizasiya ayırmalarının (8,9 faiz) payına düşüb. Bu sektorda 9 min nəfər (+750 nəfər) çalışır, orta maaş 425,6 manatdır.
Komitənin məlumatında deyilir ki, 2014-cü ildə otellərə yerləşdirmə ilə bağlı 672,3 min nəfər müraciət edib. Bu, əvvəlki ildəkindən 0,9 faiz çoxdur. Müraciətlərin 58,4 faizi əcnəbilərin (392,8 min nəfər) payına düşür. Bunlar əsasən Britaniya, Rusiya Federasiyası, Türkiyə, ABŞ, Almaniya, İran, İtaliya və s vətəndaşlarıdır. Ötən il gələn turistlərin 73,2 faizi otel xidmətindən istifadə edib.
Hazırda Azərbaycanda 17 min 363 (+4,9%) nömrənin olduğu 535 mehmanxana və mehmanxana tipli obyekt var. Onların təxminən 70 faizi Bakıda yerləşir. Bu mehmanxanalar eyni vaxtda 35 652 adam qəbul edə bilir.
Dövlət Statistika Komitəsinin bu məlumatında bəzi qaranlıq məqamlar var. Götürək elə otellərin illik qazancı barədə deyilənləri. Məlumatda iddia olunur ki, otellərin illik mənfəəti 34 milyon manata yaxındır(33.9 milyon). Elə bu məlumatda da deyilir ki, Azərbaycanda 535 otel və otel tipli obyekt var. Əgər otellərin illik mənfəəti toplam 34 milyon manata yaxındırsa, o zaman orta hesabla bir otelin illik qazancı 63 min 551 manat edir. Bu məbləği aya və günlərə böldükdə, aya 5 min 295, günə isə 176 manat düşür. Beləliklə, aydın olur ki, Azərbaycanda fəaliyyət göstərən otellər bir orta həcmli marketdən az qazanır.
Amma əsas şübhəli məqam başqadır. Belə ki, Əbülfəs Qarayevin rəhbərlik etdiyi Mədəniyyət və Turizm Nazirliyi ötən il ölkəyə 2 milyon 297 min 805 nəfər əcnəbinin gəldiyini açıqlayıb. Dövlət Statistika Komitəsinin məlumatında isə deyilir ki, 2014-cü ildə otellərə yerləşdirmə ilə bağlı 672,3 min nəfər müraciət edib. İki dövlət qurumunun rəqəmləri arasında şübhəyə yol açan isə Azərbaycana gələn hər üç turisdən yalnız birinin oteldə qaldığının üzə çıxmasıdır. Sual yaranır: bəs təxminən 1, 6 milyon turist ölkəmizdə harada gecələyib?
Mövzu ilə bağlı “Unikal”a danışan mənbə bildirib ki, Dövlət Statistika Komitəsinin rəqəmləri xüsusilə Mədəniyyət və Turizm Nazirliyini ciddi suallar qarşısında qoyur: “Hələ ötən il Qarayevin nazirliyi bu rəqəmi açıqlayarkən müstəqil ekspertlər və KİV-lər buna ciddi şübhə ilə yanaşmışdı. Hətta yarızarafat, yarıciddi belə mülahizələr səslənirdi ki, Mədəniyyət və Turizm Nazirliyi ölkəyə daxil olan hər kəsi turist olaraq qeydiyyata götürür. Bu əlbəttə, absurddur. Azərbaycanda turizm sahəsində qiymət və xidmət baxımından ciddi problemlərin olduğu məlumdur. Belədə bir ildə ölkəyə 2, 2 milyon turistin gəldiyi əsla inandırıcı görünmürdü. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər Əbülfəs Qarayevin nazirliyinin məlum statistikasının reallığı əks etdirməsindən şübhələnənləri haqlı çıxarır”.
Ekspert razılaşır ki, ölkədə otel biznesi böyük ölçüdə iri məmurların nəzarətindədir və bu mənada onların öz fəaliyyətləri ilə bağlı real rəqəmləri gizlətməyə çalışmaları mümkündür. “Amma bu belə, ölkəyə gələn hər üç turistdən ikisinin harada məskunlaşdığının qaranlıq qalmasına imkan vermir. Problemin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəqəmlərdə olduğu ehtimalı daha yüksək və inandırıcıdır” deyə mənbə bildirib.
İndi maraqlı olan Əbülfəs Qarayevin öz nazirliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında kəskin ziddiyyəti necə izah edəcəyi, hansı dürüst arqumentlərlə əsaslandıracağıdır.
Toğrul Əliyev

23-04-2015, 06:32



Fikirlər