"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR

"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR

Azərbaycanda son illərdə vətəndaşların xarici ölkələrdə sığınacaq alması mövzusu daha geniş müzakirələrə səbəb olub. Bəzi hallarda müxalif partiyalara aidiyyatı olmayan, etiraz aksiyalarında iştirak etməyən şəxslərin sonradan həmin partiyalar tərəfindən "təzyiqə məruz qalıb" tipli arayışla təmin edilməsi təəccüb doğurur.

Ekspertlər (bəzən də məsələdən məlumatlı, prosesin içidə olanlar) deyir ki, bütün bunlar müəyyən pul müqabilində başa gəlir. Yəni, xarici ölkəyə mühacir kimi getmək istəyən şəxs bu "biznes"lə məşğul olan hansısa müxalifət partiyasının nümayəndəsinə müəyyən məbləğdə ödəniş edir (Burada daha böyük məbləğdən söhbət gedir – 3 min manatdan 10 min manatadək). Tək və ya ailə ilə gedənlər üçün məbləğ dəyişir. Mühacir biznesi ilə məşğul olanlar onlara müraciət edənləri təşkil edilən mitinqlərə göndərirlər, hətta polislə münaqişənin bu işə daha çox fayda verdiyini bildirirlər. Nəticədə polisin təxribata çəkilməsi baş verir. Mitinqdə çəkilən şəkil, üstəgəl polisə düşübsə bu barədə arayış sənədlərə tikilir. Daha sonra viza alınması üçün köməklik edilir... Xatırlayırsınızsa, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn 2017-ci ildə keçirilən mitinqdə çıxışı zamanı demişdi ki, burada, yəni aksiyada xeyli yeni simalar görür. Əslində, həmin "yeni sima"lar mühacirətə getmək üçün bəzi partiyalarla danışıqlar aparan şəxslər idi. Hansı ki, onların əksəriyyəti heç vaxt siyasi partiya üzvü olmayıb, siyasi proseslərlə maraqlanmayıblar.

"Müştəri" xaricə getdikdən sonra da mühacir statusu almaq üçün sosial şəbəkələrdə səhifələr açaraq ölkə əleyihə çıxışlar edirlər, guya ölkədə ona olan siyasi təzyiqdən əziyyət çəkib. Əvvəllər bu variantlar keçərli idi. Artıq Avropa ölkələri bu yalanlara inanmır, bu cür şəxsləri geri göndərirlər. Belə olan halda, onlar intihara cəhd etməkdən belə, çəkinmirlər... Bir müddət öncə də, xaricdə yaşayan azərbaycanlı jurnalist Yafəs Əkrəmoğlu da yazmışdı ki, artıq Müsavat Partiyasının oturum almaq üçün üzvlərinə təqdim etdiyi arayışlara da inamsızlıq var. Bir müddət əvvəl də Azərbaycan Xalq Cəbhəsi Partiyasının xaricdə yaşayan təəssübkeşləri partiyaya, ümumiyyətlə, siyasətə aidiyyatı olmayan şəxsin "oturum" alması ilə bağlı danışıqlarının səs yazısı yayılmışdı...

Milli Məclisin deputatı Cavid Osmanov

"Sübut olundu ki, radikal müxalifət xaricdə yaşayan bəzi mühacirlərlə əlbirdir. Müəyyən məbləğ müqabilində saxta sənədlər düzəldilir və vətəndaş Avropa ölkələrinə yola salınır".

Milli Məclisin deputatı Cavid Osmanov "Report"a açıqlamasında xatırladıb ki, bu yaxınlarda "Gəncliyin Elmi-Mədəni inkişafı" ictimai birliyinin ofisində əməliyyat-axtarış tədbirləri həyata keçirilib, ofisdən çoxlu sayda saxta sənədlər, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasına məxsus möhür və ştamplar maddi sübut qismində götürülüb: "Həmin şəxslər mühacir biznesi ilə məşğul olublar. Sübut olundu ki, radikal müxalifət xaricdə yaşayan bəzi mühacirlərlə əlbirdir. Müəyyən məbləğ müqabilində saxta sənədlər düzəldilir və vətəndaş Avropa ölkələrinə yola salınır. Bunun üçün onların qarşısında şərt qoyulur ki, Bakıda keçirilən aksiyalarda şəkil çəkdirsinlər, polis tərəfindən tutulsunlar. Təbii ki, Azərbaycanı sevməyən qüvvələr bunlara tapşırıq verirlər. Onlar daha çox erməni lobbisinin təlimatlarını yerinə yetirirlər. Həmin qüvvələr ölkədəki inkişafa, demokratik islahatlara qısqanclıqla yanaşırlar, ona görə də əleyhinə təbliğat aparırlar".

Deputatın sözlərinə görə, mühacirlər siyasi oturum almaq üçün sosial şəbəkələr vasitəsilə Azərbaycanın əleyhinə çıxışlar edirlər, diqqəti cəlb etməyə çalışırlar ki, guya hökumət təzyiq edir: "Bu, siyasi mühacir statusu almaq üçündür. Onlar Milli Məclisin deputatlarını, dövlət məmurlarını açıq şəkildə təhqir edirlər... Bunların niyyəti bəllidir. Bütün bunları dövlətçiliyə qarşı təxribat hesab edirəm. Azərbaycan xalqı müdrik xalqdır, hökumətin siyasətini dəstəkləyir, xalqımız həmin mühacirlərin əməllərini pisləyir. Yəni, ictimai qınaq var. Təklif edirəm ki, hüquq-mühafizə orqanları bu istiqamətdə daha qətiyyətli addımlar atsınlar, xarici ölkələrin hüquq-mühafizə orqanlarına sorğular göndərilsin və onların Azərbaycana təhvil verilməsinin təmin olunması tələb edilsin. Xəyanətkarların əməllərinə hüquqi qiymət verilməlidir, cəzalandırılmalıdır. Pul müqabilində ölkəni satanlar, xəyanət edənlər cəzalarını almalıdır".

Hüquq müdafiəçisi Sahib Məmmədov "Report"a açıqlamasında bildirib ki, mühacir problemi təkcə Azərbaycan üçün xarakterik deyil.

Hüquq müdafiəçisi Sahib Məmmədov

"Görürsən ki, çilingərdir, deyir, dayısıoğlu Avropadadır. Bu da lazımi sənədləri toplayır, bir dəfə mitinqə gedir, bir dəfə polisə müqavimət göstərir, sosial şəbəkələrdə radikallaşırlar, "təzyiq" görməsi ilə bağlı yazılar yazılır".

O bildirib ki, həm Avropada, həm də mühacir göndərən ölkələrdə böyük şəbəkələr var: "Saxta mühacir göndərən kifayət qədər ölkə var. Bəzi hallarda ölkədəki siyasi müxalif qüvvələrdən istifadə edirlər. Səhv etmirəmsə İsveçdə olmuşdu. Orada görüblər ki, İrandan gələnlərin şəhadət barmağı yoxdur. Deməli, bu, işgəncəni sübut etmək üçün barmağını baltanın altına qoyub kəsir... Azərbaycandan 1990-cı ilin əvvəllərindən mühacirətə gedənlər olub. Onların bəziləri tutulmaq təhlükəsi ilə üz-üzə qalıb, ona görə getmişdi. Hazırda məsələ daha sistemləşib, kimsə həbsdən çıxıb gedir, başqa birisi də süni surətdə xəta törədir, 15 gün inzibati cəza alır və gedir. Tam saxta sənədlər də düzəldirlər... Elə şəxs gedə bilər ki, ona bir söz deməzlər, siyasi mühacir statusu verərlər. Tutaq ki, müxalif siyasi partiyaların rəhbərliyində təmsil olunan şəxslər... Yəni tanınmış siyasi fiqurlarda az problem olur. Amma görürsən ki, çilingərdir, deyir, dayısıoğlu Avropadadır. Bu da lazımi sənədləri toplayır, bir dəfə mitinqə gedir, bir dəfə polisə müqavimət göstərir, sosial şəbəkələrdə radikallaşırlar, "təzyiq" görməsi ilə bağlı yazılar yazılır... Prosedur belədir, turist və s. adla ölkəyə girirlər, sonra deyir ki, qaçqındır. "Qaçqınam" dediyinə görə beynəlxalq konvesiya işə düşür, artıq həmin şəxsi dərhal deport etmək olmaz. Həmin şəxslər qaçqın düşərgələrinə yerləşdirilirlər, yoxlayırlar. Ermənilərə bağlı olan təşkilatlar bu istiqamətdə fəallıq göstərirlər. Mühacirətə gedənlərə deyirlər ki, burada qalmaq çətindir, sizə kömək edək. Beləliklə, erməni saytlarında anti-Azərbaycan yazıları hazırlanır, ali hakimiyyətə daxil olan şəxsləri təhqir etdirirlər... Sübut ediləndə ki, bu şəxslər saxta sənədlərlə gəliblər, onları himayə edənlər deyirlər ki, bu şəxslərin buraya gəldikdən sonra hərəkətləri ortadadır, qayıtsalar, həbs olunacaqlar. Bu yolla onlar "verbovka" edilirlər, oturum aldıqdan sonra istəsələr belə, təsirdən çıxa bilmirlər, həmin adamlar 3-5 il istifadə edildikdən sonra atılırlar. Yəni layihə başa çatır, yeni layihəyə isə başqaları lazım olur. Əvvəl vətənini oturum, sonra isə çörək qazanmaq üçün satır".

S.Məmmədov bu istiqamətdə tədbir görməyin çətin olduğunu qeyd edib: "Bu işi təşkil edənlər transmilli qüvvələrdir, milyardlarla dövriyyəsi var. Həmin qüvvələrin hüquq və azadlıqları Avropaya nisbətdə məhdud olan dövlətlər barədə mənfi imic yaradacaq qədər gücləri var. Məsələn, onların şəbəkəsində hüquq müdafiə təşkilatları var, ölkə barədə neqativ bəyanatlar verirlər, hesabatlar göndərirlər...

Bu cür addımların qarşısını almaq üçün ideoloji iş aparılmalıdır, sosial problemlər varsa, həll edilməlidir. Yəni məsələyə kompleks yanaşmaq lazımdır".

22-08-2019, 17:19



Fikirlər