Keçmiş məmurun intiharının səbəbi bilindi- TƏFƏRRÜAT

Keçmiş məmurun intiharının səbəbi bilindi- TƏFƏRRÜAT

Avqustun 15-də Quba şəhərində yaşamış 1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlunun yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.
Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışmış, 2009-cu ildən isə təqaüdə çıxmışdır.

İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmamış, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilib. Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə 2 dəfə intihara cəhd etməsini bildiriblər.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(publika)

16-08-2019, 11:03



Fikirlər