Pulsuz çimərliklərdə 100 MİNLİK AVTOMOBİLLƏR - Kasıbın yerini niyə varlı tutur?

Pulsuz çimərliklərdə 100 MİNLİK AVTOMOBİLLƏR - Kasıbın yerini niyə varlı tutur?

Bir neçə gün öncə deputat Fazil Mustafa Xəzər dənizində, eləcə də digər su hövzələrində yeniyetmələrin, gənclərin batması hallarının qarşısını almaq üçün yeni təkliflə çıxış edib.

Deputat bildirib ki, məlum tendesiyadan çıxış yolu kimi dövlət büdcəsindən ayrılan vəsait hesabına uşaqlar üçün üzgüçülük hovuzları tikilməli və uşaqlar ödənişsiz olaraq üzməyi öyrənməlidir. Deputatın bu təklifinə yanaşma isə birmənalı olmayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, Xəzər dənizi və su hövzələrində baş verən boğulma hallarının qarşısını almaq üçün pulsuz üzgüçülük kursları heç də uğurlu həll yolu deyil:

“Çimərlikdə boğulma hallarının əsas səbəbi insan məsuliyyətsizliyidir. Bu il nəzarət olunan çimərliklərdə boğulma halı qeydə alınmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) çirklənmiş çimərliklərinin siyahısında demək olar ki, insanların bu il ən çox getdiyi yerlər göstərilib. Nazirliyin açıqlamasında Şıx, Sahil, Novxanı, Hövsan, Türkan, Nabran, Yalama, Lənkəran, Astara və s. yerlərdə çimməyin məsləhət olmadığı deyilib. Ancaq icazəli çimərliklər olan Mərdəkan, Şüvəlan, Bilgəh və Buzovna 10 milyonluq əhalinin və ölkəyə gələn, çimərlikdən istifadə edən turistləri qəbul edəcək qədərdimi? İnsanların qeyri-çimərlik ərazilərə üz tutmasının səbəbini araşdırmaq lazımdır. Çimməyə icazə verilən çimərliklərinin sayının yerli və ölkəyə gələn turistlərin sayına uyğun olub-olmaması barədə monitorinq aparmaq zəruridir”.



Pulsuz hovuzların olması, uşaqlara ödənişsiz üzgüçülük dərslərinin keçirilməsi sadəcə gözəl təşəbbüsdür. Lakin bu sahə üzrə maarifləndirmə işlərinə ehtiyac var:

“Ödənişsiz üzgüçülük kursları yalnız dövlət idman komplekslərində mümkündür. Özəl üzgüçülük mərkəzlərində bu dərslər kifayət qədər bahadır. Ona görə insanların çoxu üzgüçülüyə maraq göstərmir. Uşaqlarda və böyüklərdə üzgüçülüyə qarşı marağın oyadılması vacibdir. İnsanlar üzməyin faydalarını, sağlamlığa xeyrini və gözəl bədən quruluşuna sahib olacaqlarını bilməlidir. Maarifləndirmə işləri aparılmadan üzgüçülük kursları pulsuz olarsa, bu kursdan yalnız üzə bilənlər fürsət kimi istifadə edəcək. Ümumilikdə boğulma halları ilə üzləşməmək üçün təhlükəsizlik qaydalarına riayət etmək vacibdir”.



Ekspert vurğulayıb ki, boğulma hallarının artmaması üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məntəqələrinin sayının və əməkdaşlarının artırılmasına ehtiyac var:

“Cəmiyyətdə belə bir fikir formalaşıb ki, qeyri-çimərliklərə maddi imkanı aşağı olan şəxslər gedir. Lakin bu düşüncə yanlışdır. Çünki bu gün qeyri-çimərliklərə gələn maşınların dəyəri yüz min manatdan yuxarıdır. Əslində, qeyri-çimərlik anlayışı ləğv edilməlidir. Çimərlik varsa, ora nəzarət olunmalı və təhlükəsizlik tədbirləri görülməlidir. Nəzarətsiz çimərliklər nəzarətə götürülsə, boğulma hallarının sayı azalacaq. Həmçinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məntəqələrinin sayının və əməkdaşlarının sayı artırılmalıdır. Onlara çimərlikdə təhlükəsizlik qaydalarını pozanlara qarşı inzibati məsuliyyətin tətbiq olnmasına dair səlahiyyətin verilməsi lazımdır. Əks halda təhlükəsizlik qaydalarını pozaraq xəbərdaredici nişanları keçənlər və sahili zibilliyə çevirənlərlə mübarizə aparmaq nəticə verməz”.

8-08-2019, 16:17



Fikirlər