Elmar Məmmədyarov Latviya prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Latviya prezidenti ilə görüşübXarici işlər naziri Elmar Məmmədyarov aprelin 14-15-də Latviyaya rəsmi səfəri çərçivəsində Latviya prezidenti Andris Berzinş ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Latviya prezidenti A.Berzinşə çatdırıb. Latviya prezidenti ən xoş arzuları və salamlarının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edilib. E.Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik edib və sədrlik müddətinin uğurla başa çatdırılacağına əminliyini ifadə edib.

Prezident A.Berzinş Şərq Tərəfdaşlığı çərçivəsində mayın 21-22-də Riqada keçiriləcək zirvə toplantısında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə edib. O, enerji sahəsində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında olan əlaqələri yüksək qiymətləndirib.

E.Məmmədyarov Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu qeyd edərək, bunun digər sahələrə də sirayət etməsinin vacibliyini bildirib. O, Aİ ilə enerji sahəsində əməkdaşlığın inkişafında TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən E.Məmmədyarov münaqişə ilə əlaqədar Latviyanın mövqeyinin iki ölkə arasında imzalanmış sənədlərdə təsbit olunduğunu vurğulayıb.

Nazir iyunun 12-28-də Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında Latviya nümayəndə heyəti və idmançılarının iştirakının məmnuniyyətlə gözlənildiyini qeyd edib.

Prezident A.Berzinş birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib və latviyalı atletlərin də bu oyunlarda iştirak edəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15-04-2015, 14:37



Fikirlər