Gözəl Zutova gücünü MMA-da sınayır: Yenə də iranlı idmançını nokauta saldı

Gözəl Zutova gücünü MMA-da sınayır: Yenə də iranlı idmançını nokauta saldı

Bundan əvvəlki görüşümdə olduğu kimi, yenə də iranlı idmançını nokauta saldım. Bu dəfə yeddi saniyə mənə kifayət etdi.

Bunu Oxu.Az-a açıqlamasında MMA yarışlarında qüvvəsini sınayan Gözəl Zutova deyib.

Güləş və cüdo yarışlarında çıxış etmiş, ötən ay sambo millimizlə Minskdəki II Avropa Oyunlarında mübarizə aparmış G.Zutova indi də qüvvəsini MMA-da sınayır.

Əvvəllər universal döyüş üzrə dünya çempionu olduğunu deyən idmançımız Abşeron Olimpiya İdman Kompleksində keçirilən “Ultimax” döyüş gecəsində Zəhra adlı iranlı döyüşçünü nokauta salıb. Gözəl bunun onun üçün ilk MMA döyüşü olmadığını bildirir:

“Bu döyüşdən əvvəl bu il martın 17-də “Yusif” döyüş çempionatında (YFC) iranlı Aidə Xanızadəni məğlub etmişdim. O, erməni əsilli idi. Həmin görüş də Abşeron Olimpiya İdman Kompleksində baş tutmuşdu. Kompleksin direktoru Əjdər Abbasov çox qorxurdu ki, o mənə qalib gəlsə, Azərbaycanda Ermənistan bayrağı qaldırmağa cəhd edər. Çünki İran adından çıxış etsə də, əvvəl belə edib (maraqlıdır ki, Aidə İranda qalib gəldiyi döyüşlərdən birində erməni yox, Təbrizin “Traktor” klubunun bayrağını qaldırıb – S.M.). Onu 3 dəqiqə 51 saniyəyə məğlub etdim.


Mənə UFC-də iştirak etmək üçün üç döyüşdə qələbə qazanmağım bəs edir. Artıq ABŞ-dan təkliflər almışam. Zabit Səmədovun vaxtilə iştirak etdiyi Çeçenistanın “Axmat” klubu ilə avqustun sonlarında toplanış keçməliyəm. Onlar istəyir ki, mən Rusiyanı təmsil edim. Amma Azərbaycanı təmsil etmək istəyirəm”.

Zaqatala güləş məktəbinin yetirməsi olan G.Zutova bundan sonra karyerasını MMA-da davam etdirəcəyini bildirir:

“Daha sambo və cüdoda çıxış etmək istəmirəm. Yaxşı formada olanda həmin yığmalardan təklif almışdım. Çıxış etsəm, güləşi seçərəm. Amma artıq 34 yaşım var. Ona görə də bu yaş güləş üçün yox, döyüş – MMA üçün yaxşıdır. Bədənim MMA üçün yaxşı bərkiyib”.

30-07-2019, 14:47



Fikirlər