Əməkdar rəssam Sirus Mirzəzadənin 70 illik yubileyinə həsr olunan fərdi yaradıcılıq sərgisi

Əməkdar rəssam Sirus Mirzəzadənin 70 illik yubileyinə həsr olunan fərdi yaradıcılıq sərgisi Dekabrın 9-da Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində əməkdar rəssam Sirus Mirzəzadənin 70 illik yubileyinə həsr olunan fərdi yaradıcılıq sərgisi açılıb.

AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın Azərbaycan rəssamlıq məktəbinə töhfələrindən söz açıb. Bildirib ki, təxminən 30 ilə yaxın müddətdə tanıdığım Sirus Mirzəzadə ömrünü öz sənətinə həsr edən bir rəssamdır. Onun özünəməxsus sənət dünyası, sevdiyi rəng palitrası vardır. Sirus Mirzəzadə həm də son dərəcə zövqlü rəssamdır. Onun yaradıcılığı və yaşam tərzi, insani keyfiyyətləri hər kəsə nümunədir.

Tədbirdə xalq rəssamları Fərhad Xəlilov, Fuad Salayev və Arif Hüseynov rəssamın yüksək istedadından, əsərlərinin xüsusiyyətlərindən söz açıblar.

Sirus Mirzəzadənin müxtəlif janrlarda çəkdiyi əsərləri Polşa, Fransa, Türkiyə, Almaniya, Hollandiya, Norveç, Kuba, Rumıniya, Böyük Britaniya, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və İtaliyanın bir çox muzey və qalereyalarında nümayiş etdirilib, şəxsi kolleksiyalarda saxlanılır.

Rəssam Azərbaycanın qədim qayaüstü və miniatür rəsm ənənələrini, eyni zamanda Uzaq Şərq incəsənətinin bir çox üslublarını sintez edərək, özünəməxsus fərdi yaradıcılıq yolu keçib.

Mərasimdə Sirus Mirzəzadəyə yeni yaradıcılıq uğurları arzulanıb.

Sonra çıxış edən yubilyar qonaqlara təşəkkürünü bildirib.

Tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə rəssamın müxtəlif janrlarda 80-dən artıq boyakarlıq və 60-dək qrafik əsəri nümayiş olunur. Boyakarlıq əsərlərindən “Sarı gəlin”, “Gələcəyə doğru”, “Şirin yuxular” triptixləri, “Qara şlyapalı qız”, “Eyvanda” və “Qırmızı mənzərə” əsərləri, “Yasəmən” natürmortu, qrafik üslubunda “Ulduz bürcü” seriyasından 12 lövhə, “Kölgədə”, “Ağ – qara mənzərə”, “Nərdivan” və digər əsərləri ekspozisiyada yer alıb.

Bir həftə davam edəcək bu sərgi uzun müddət sənətsevərlərin yaddaşında qalacaq.

10-12-2014, 10:14



Fikirlər