Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - MƏSLƏHƏT

Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - MƏSLƏHƏT


Son illər sosial şəbəkələr, telefon böyüklərlə bərabər, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilib. Demək olar ki, bəzi hallarda uşaqlar günlərinin yarısını telefonla keçirərək, bir növ ondan asılı hala düşürlər. Belə olan halda onların əşyalarla ünsiyyəti itir, bir növ real aləmdən təcrid olunurlar.

Sosial şəbəkələrin mənfi cəhətləri içərisində həmçinin uşağın yaşına uyğun olmayan məlumatların olması, onun yaşına zidd olan kontekslərlə rastlaşmasıdır. Bəs uşaqların sosial şəbəkələrdən, telefondan necə uzaq tutmaq olar? Bu asılılığa son qoymaq mümkündürmü?



Mövzu ətrafında psixoloq Kazımlı Roza Modern.az-a danışıb.

“Hər uşaq telefon və ya kompüter həvəskarı deyil. Ümumiyyətlə uşağın sosial şəbəkəyə, telefona marağı çoxdursa və asılılığı varsa, biz özümüz onun üçün maraq dairəsi yaratmalıyıq. Məsələn, şahmat dərslərinə yazdıra bilərik, idmanla məşğul olmasına, həmçinin, kompüter dərslərinə getməsinə yardımçı ola bilərik ki, kompüterin yararlı tərəflərindən istifadə edə bilsin. Yəni bir sözlə, uşaqların evdə daha az vaxt keçirməsi üçün bir çox faydalı məşğuliyyət tapmaq olar”.



Psixoloq deyir ki, telefon asılılığı daha çox evdə diqqət və nəzarətdən kənarda qalan uşaqlarda rast gəlinir.

“Nəzarət dedikdə avtoritar rejim nəzərdə tutulmur. Sadəcə uşaq ailədə ona olan diqqəti görməlidir. Müşahidə edirəm ki, övladlarına qarşı daha diqqətli olan və vaxtını düzgün ayıran ailələrdə uşaqların telefondan asılılığı olmur. Əgər valideyn evdə övladı üçün onun marağında olan işlər görsə, istər-istəməz uşağın da maraq dairəsi dəyişəcək, telefon, sosial şəbəkə ona önəmli gəlməyəcək. Lakin bu o demək deyil ki, uşaqları tamamilə sosial şəbəkələrdən, telefondan uzaq tutmaq lazımdır. Çünki uşaq inkişaf edir, bu kimi şeylərdən xəbərdar olmalıdır, amma dediyim kimi qədərində”.

16-07-2019, 12:39



Fikirlər