83 yaşlı yəhər ustası

83 yaşlı yəhər ustasıTa qədimdən ömrü at üstündə keçən əcdadlarımız "At muraddır!" - deyib atı igidin qardaşı, insanın vəfalı dostu sayıblar. Atı minmək üçün isə ilk növbədə, yəhər, yüyən tələb olunur.
"Kanal S" ( Region TV) xəbər verir ki, Balakənin Şambul kəndində yaşayan 83 yaşlı Məhəmməd Ömərov 62 ildir ki, ustalıq edir, işi isə yəhər düzəltməkdir.

Usta Məhəmmədə bu sənət babasından yadigar qalıb. Sənətinin aşiqi olan usta öncə qamçını necə hazırladığından danışır. Bunun üçün seçilən dəri 12 nazik hissəyə bölünür və qurudularaq ağaca bərkidilmiş dəri üzərinə hörülür. Yəhərin əsas hissələrindən olan qaltağın hazırlanması isə xüsusi diqqət tələb edir. Qaltağın oturacaq hissəsi cökə, lapan və söyüd ağacından hazırlanır. Ön və arxa hissələrinə isə meşə fındığı, qoz və qarağac ağacından xüsusi dərmanlarda qurudulmuş yəhər qaşları hazırlanır.

Usta indiki dövrdə də yəhərə tələbatın çox az olduğunu deyir. Qiymət isə onun materialı, naxış və bəzəklərinə görə fərqlənir. Bəzən yəhərin dəyəri on min manatadək yüksəlir.
Müraciətlər isə əsasən, təmirlə bağlı olur. Ustanı narahat edən məsələ bu sənətə marağın olmamasıdır. Belə davam edəcəyi təqdirdə dədə-baba sənətinə məxsus nümunələri gələcəkdə yalnız muzeylərdə görə biləcəyik.

6-04-2015, 21:55



Fikirlər