Bakı 2015 Avropa Oyunları Çinin Mərkəzi Televiziyası ilə yayım sazişinə imza atıb

Bakı 2015 Avropa Oyunları Çinin Mərkəzi Televiziyası ilə yayım sazişinə imza atıb“Çox məmnunuq”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Çinin Mərkəzi Televiziyası ilə İlk Avropa Oyunlarının bütün ölkədə yayımlanmasını təmin edəcək saziş imzalayıb.

RealNews.az Oxu.Aza istinadən xəbər verir ki, saziş televiziya stansiyasının CCTV 5 və CCTV 5+ idman kanallarına bütün Çin ərazisində müstəsna yayım hüquqları verir.

Təxminən 1.2 milyard tamaşaçı auditoriyası olan televiziya stansiyası vasitəsilə Oyunların Açılış və Bağlanış Mərasimləri, eyni zamanda, hər bir 20 idman növü üzrə keçiriləcək yarışlar nümayiş olunacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Çinin Mərkəzi Televiziyası İlk Avropa Oyunlarının bütün Asiyada böyük sayda idman azarkeşləri tərəfindən izlənməsini təmin edən sazişi bağlamaqdan çox məmnunuq.

Bakı 2015 Avropa Oyunları Avropanın bir sıra elit idmançılarının yarışacağı müstəsna idman bayramı olacaq və bütün dünya azarkeşlərinin yarışlara köklənəcəyini bilmək çox gözəldir.”

Sazişə görə yarışlar Çinin Mərkəzi Televiziyasının bütün rəqəmsal media platformaları, o cümlədən internet və mobil rabitə vasitəsilə yayımlanacaqdır.

Çinin Mərkəzi Televiziyası ölkədə idman yayımı sahəsində dominant televiziya stansiyasıdır. Stansiya həm yay, həm də qış Olimpiya Oyunları, eyni zamanda, Asiya Oyunları, FIFA Dünya Kuboku, UEFA Çempionlar Liqası və dünyadakı digər bütün əsas idman yarışlarının yayım hüququna malikdir.

Çinin Mərkəzi Televiziyasının rəhbəri cənab Jen Hepin söyləyib: “Birinci Avropa Oyunları beynəlxalq idman təqviminə möhtəşəm əlavə olacaq. Biz Bakı 2015 Avropa Oyunlarından ən yaxşı anları Çindəki idman azarkeşlərimizə nümayiş etdirəcəyimizə görə özümüzü çox xoşbəxt hiss edirik.”

Bu günə qədər Avropa Oyunları yarışların dünyanın 33 ölkəsində yayımlanmasını təmin edəcək bəzi yayım sazişlərinə imza atmışdır. Buna bənzər bir sıra sazişlərin yaxın gələcəkdə də imzalanacağı gözlənilir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna qeyd edib: “Bu günə qədər bağladığımız yayım sazişlərindən çox məmnunuq. Həmin sazişlər İlk Avropa Oyunlarının dünyadakı idman azarkeşləri üçün yüksək keyfiyyətdə yayımlanmasını təmin edəcək.

Bakı 2015 Avropa Oyunlarına olan marağın qitənin hüdudlarını keçdiyini bilirik və 17 gün ərzində dünyanın zövq alacağı idman yarışları keçirəcəyimizə ümid edirik.”

E.Ə.

9-12-2014, 13:28



Fikirlər