Goranboyda polis tərəfindən saxlanılan məktəb direktorunun müavini şöbədə ölüb

Goranboyda polis tərəfindən saxlanılan məktəb direktorunun müavini şöbədə ölüb

Goranboy rayonunun Goranlı kənd sakini, 1956-cı il təvəllüdlü İlham Zakir oğlu Yolçuyev aprelin 4-də saat 23.30 radələrində “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən uzaqvuran işıqlardan istifadə etdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan ONA-nın yerli bürosuna verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü sərxoşdur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 331.1-ci maddəsi ilə protokol tərtib edilib.

Daha sonra RPŞ-nın qarşısında İ. Yolçuyevin həyat yoldaşının, oğlu və qızının yanında halı pisləşib. Onun üçün təcili yardım çağırılıb. İ. Yolçuyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Ailə üzvlərinin verdiyi məlumata görə, İ. Yolçuyev ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Onu da qeyd edək ki, İ.Yolçuyev Goranlı kənd tam orta məktəbinin direktor müavini vəzifəsində çalışıb.

5-04-2019, 10:40



Fikirlər