Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni proqram hazırlanır

Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni proqram hazırlanır

Avtobusların dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair yeni tələblər əsasında Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən proqram hazırlanır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, 2019-cu il martın 4-də Nazirlər Kabineti tərəfindən “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq olunub. Agentlik qarşıya qoyulan vəzifələrlə bağlı müəyyən göstərişlər verib, yeni sistemə keçid üçün proqram hazırlayır.

“BNA tərəfindən yeni qaydalarla bağlı maarifləndirmə işləri aparılacaq. Hazırda taksi və avtobus şirkətləri ilə görüşlər aparılır, tapşırıqlar verilir. Sifariş əsasında işləyən taksi şirkətləri ilə sürücülərin hüquqlarının qorunmasına dair danışıqlar aparılır. BNA bütün dövlət qurumları ilə əməkdaşlıq nəticəsində vətəndaşlara xidmət edir. Birgə əməkdaşlıq çərçivəsində də Nazirlər Kabineti tərəfindən təsdiq edilən Qaydaların icrası həyata keçiriləcək”, - deyə V.Kərimli vurğulayıb.

17-03-2019, 12:48



Fikirlər