Azərbaycanda adam OĞURLUĞU – 16 yaşlı qızı gecə 4 maskalı apardı

Azərbaycanda adam OĞURLUĞU – 16 yaşlı qızı gecə 4 maskalı apardı

Azərbaycanda adam oğurluğu faktı qeydə alınıb.

İmişli rayon Əliqulular kəndində baş verib. Belə ki, gecə saat 04 radələrində kənddəki evlərdən birinə basqın edən 4 nəfər maskalı şəxs rayon sakini 2002-ci il təvəllüdlü Məmmədli Fədayə Sadiq qızını oğurlayıblar.

Oğurlanan qızın atası Sadiq Məmmədov Trend-ə bildirib ki, o hadisə vaxtı mal bazarında olub və cinayətkarlar həmin vaxt evə basqın ediblər:

"Mart ayının 4-dən 5-nə keçən gecə 4 nəfər şəxs Əliqulular kəndində olan evimə basqın ediblər. Evdə həmin vaxt qızımla birlikdə anası, nənəsi və xalası olublar. Onlar birinci həyətə daxil olaraq iti öldürüblər, daha sonra isə evə giriblər. Bu zaman səsə oyanan anamı ağzından tutaraq boğmaq istəyiblər. Digər qadınları isə döyüblər. Məhz bundan sonra qızımı qaçırda biliblər. Anam isə hazırda xəstəxanadadır".

S.Məmmədov deyib ki, qızını oğurlayan şəxsləri tanıyır və onlar daha əvvəl F.Məmmədli üçün elçiliyə gəliblər:

"Hadisə baş verən günü evə basqın edən şəxslərdən birini anam tanıyıb. Onlar kəndimizdən yaşayan şəxslərdir. Bir müddət əvvəl bizimlə eyni kənddən olan Balakişiyev Əhməd oğlu Elməddin üçün qızımı istəməyə gəlmişdi, ancaq mən qızımı onlara vermədim. Daha sonra isə Fədayəni öz qohumumun oğluna nışanladım. Hazırda Fədayənin nişanlısı hərbi xidmətdədir".

Zərərçəkən əlavə edib ki, qızın qaçırılması ilə bağlı rayon prokurorluğuna və polis şöbəsinə məlumat verilib.(Trend)

Hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsi araşdırma aparır.

6-03-2019, 15:41



Fikirlər