Uorlik girovların qaytarılmasından danışdı

Uorlik girovların qaytarılmasından danışdı

“Gərginliyin artdığı bir vaxtda girovların qaytarılması kimi humanitar təşəbbüs danışıqlar üçün daha əlverişli atmosferin yaranmasına səbəb ola bilər”.




APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xankəndidə verdiyi müsahibədə deyib.



O xatırladıb ki, əvvəllər tərəflər girovların qaytarılması üçün yollar tapa bilirdilər. Diplomat həmçinin bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində bütün tərəflərin maraqları nəzərə alınmalıdır: “Tərəflər üçün ilk addım bu cür danışıqlara hazır olduqlarını bildirmələridir”.



Həmsədrlər arasında fikir ayrılıqlarının olması və ATƏT-in Minsk qrupu formatının dəyişdirilməsi ilə bağlı fikirlərə gəldikdə isə C. Uorlik vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq şərtləri ilə bağlı həmfikir olduqlarını bildirib: “Minsk qrupu tərəflərin qəbul etdiyi yeganə vasitəçilik formatıdır. Biz tərəflərin işimizi faydalı hesab etdikləri müddətdə sülhün bərqərar olunması istiqamətində fəaliyyətimiz davam etdirəcəyik”.



Diplomat həmçinin qeyd edib ki, vasitəçilər tərəflərə təkliflər irəli sürüblər. Onun sözlərinə görə, bu təkliflər onların regiona səfəri çərçivəsində müzakirə olunub: “İlk növbədə təmas xəttində gərginliyin artmasını müzakirə etdik. Gərginliyin artması fonunda diplomatik arenada irəliləyişə nail olmaq mümkün deyil. Biz həmçinin prezidentlər arasında görüşlərin bərpası məsələsini qaldırmışıq. Sülh üçün açar onların əlindədir”.



Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərləri çərçivəsində Dağlıq Qarabağa səfər ediblər.

18-02-2015, 20:28



Fikirlər