Şagirdlərin eyni qayda ilə qiymətləndirilməsi doğru deyil - AÇIQLAMA - VİDEO

Şagirdlərin eyni qayda ilə qiymətləndirilməsi doğru deyil - AÇIQLAMA - VİDEO

Bütün ümumtəhsil məktəbləri, liseylərdə şagirdlərin eyni qayda ilə qiymətləndirilməsi doğru deyil.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında nazirliyinin şöbə müdiri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə belə fikir yaranıb ki, bütün məktəblərdə qiymətləndirmə eyni səviyyədə aparılmalıdır:

“Bu, düzgün yanaşma deyil. Məsələn, bir kənddə məktəbəhazırlıq qrupuna getməyən şagirdlə şəhərin mərkəzində hazırlıq qruplarında təhsil alan, evində internet varsa, ailəsi təhsilli olan, bütün imkanları olan məktəbdə oxuyan şagirdin səviyyəsi fərqli olacaq.

Eləcə də, anası ali təhsilli olanların orta nəticəsi anası ali təhsilli olmayandan daha yaxşıdır. Təbii ki, burada istisnalar da var. Məktəbəqədər hazırlığa gedən uşağın nəticəsi məktəbəqədər hazırlığa getməyən uşağın orta nəticəsindən həmişə daha yaxşı olur”.

Nazirlik rəsmisi qeyd edib ki, müxtəlif fənlər üzrə nəticələrdə fərq ola bilər:

“Təmayüllü liseylə adi məktəbdə təhsil alan şagirdlərin imtahanı fərqli olmalıdır. Summativ qiymətləndirmə ilə bağlı qaydalarda göstərilir ki, qiymətləndirmə sualları ümumi sinfin böyük əksəriyyətinin cavab verəcəyi səviyyədə olmalıdır”.

Şöbə müdiri əlavə edib ki, yeni qaydalar məktəblərdə şagird və müəllimlərə hazırkı vəziyyətdə çətinlik yaratmayacaq.


4-01-2019, 13:51



Fikirlər