"Belə olan halda Dağlıq Qarabağ Ermənistanın əlindən çıxır"

"Belə olan halda Dağlıq Qarabağ Ermənistanın əlindən çıxır"
Xarici işlər naziri Elmar Məmmədyarov növbəti dəfə Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb. XİN rəhbəri həmsədrlərlə söhbətində Ermənistan tərəfinin atəşkəsi tez-tez pozmasından danışıb, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, təcavüzçü ölkənin silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərini tərk etməsinin münaqişənin həlli və etimadın yaradılmasında irəliyə doğru mühüm addım olacağını qeyd edən E.Məmmədyarov sülh sazişinin layihəsi üzərində ciddi danışıqlara başlamağın zəruri olduğunu bildirib. Nazir Azərbaycanın buna hazır olduğunu nəzərə çatdırıb. Görüşdə həmsədrlərlə sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki də müzakirə olunub.

Yerli politoloqlar isə qeyd edirlər ki, faktiki olaraq, ATƏT-in Minsk qrupu məsələ barədə sadəcə danışır, ortaya real nəticə qoymur. Ona görə də bu görüşün və müzakirələrin hər hansı irəliləyişə səbəb olacağı gözlənilən deyil.

Politoloq Fikrət Sadıqov “Kaspi”yə açıqlamasında bildirdi ki, E.Məmmədyarovun görüş zamanı dediyi kimi, Azərbaycan sülh sazişi danışıqlarına başlamağa çoxdan hazırdır: “Görüşdə həmsədrlərin sülh sazişi üzərində işə başlamaq üzrə fəaliyyət qrafiki də müzakirə olunub. Açığı, bu danışıqlardan fərqli nəticə gözləmirəm. İnanmıram ki, belə gedişat hansısa nəticəyə aparsın. Artıq Minsk qrupuna olan inamın itməsi üçün tutarlı səbəblər var. Həmsədrlərlə görüşlərdən əvvəllər müəyyən nəticələr gözləyirdik. Daha boş vədlərə heç kim inanmır. Faktiki olaraq, ortada 20 illik nəticəsiz danışıqlar var. Hamı görür ki, bütün görüşlər nəticəsiz qalır”.

F.Sadıqovun fikrincə, danışıqların heç bir müsbət nəticə verməməyinin əsas səbəbi odur ki, Minsk qrupu həmsədrləri işğalçı ölkənin nazı ilə oynayırlar və münaqişənin konkret həllinə çalışmırlar: “Bütün beynəlxalq hüquq, qəbul olunan qətnamələr birmənalı şəkildə Azərbaycanın haqlı olduğunu bildirsə də, Ermənistan ordusundan işğala son verməyi tələb etsə də, deyilənlər hamısı kağız üzərində qalır. Faktdır ki, həmsədrlər torpaqlarımızın işğaldan azad olunması üçün ortaya qəti mövqe qoymurlar, Ermənistana təzyiq göstərmirlər. Azərbaycan sülh sazişinə razılığını verir. Amma bu, o demək deyil ki, biz hansısa kompromislərə, güzəştlərə getməliyik. Çünki işğal olunan bizim torpaqlarımızdır. Həmsədrlər tərəfləri bərabərləşdirməməlidirlər. Çox şey aparıcı dövlətlərin Minsk qrupunda təmsil olunan həmsədrlərindən asılıdır”.

Politoloq Mübariz Əhmədoğlu da Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu bəyan etdiyini xatırlatdı: “Təbii ki, biz sülh sazişinə hazırıq. Problem ondadır ki, ATƏT-in Minsk qrupu bu vacib sənədin imzalanmasında maraqlı deyil. 20 ildir ki, danışıqlar gedir, amma hələ də heç bir nəticə əldə olunmayıb. Sonra yenilənmiş “Madrid prinsipləri” qəbul etdilər, yenə də faydası olmadı. Minsk qrupu həmsədrləri məsələnin həllini yubatmaqla məşğuldurlar. Böyük sülh müqaviləsinin imzalanması onların ürəyincə deyil. Çünki bu, Azərbaycan torpaqlarının işğaldan azad olunması deməkdir. Belə olan halda Dağlıq Qarabağ Ermənistanın əlindən çıxır. Təbii ki, bu məqam nə ermənilərin, nə də ermənipərəst qüvvələrin mənafeyinə xidmət edir. Ona görə də böyük sülh müqaviləsinin imzalanmasına imkan vermirlər. Faktiki olaraq, Azərbaycan tərəfi öz cəsarətini nümayiş etdirir və haqqını tələb edir. Amma nə qarşı tərəf, nə də həmsədrlər münaqişənin həlli barədə düşünürlər”.

18-02-2015, 14:42



Fikirlər