Bu gün Vyanada OPEC və OPEC+ ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclası keçiriləcək

Bu gün Vyanada OPEC və OPEC+ ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclası keçiriləcək

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, toplantıda OPEC+ üzrə hasilatın azaldılması, həmçinin neft bazarında baş verən proseslər, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda bazarda tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, Rusiyanın müşahidəçi ölkə kimi OPEC-ə qoşulması məsələləri müzakirə olunacaq. İclas çərçivəsində Rusiya ilə OPEC-in əməkdaşlıq müqaviləsi imzalaması da planlaşdırılır.

Toplantıda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

Dekabrın 6-da OPEC Nazirlər Şurasının 175-ci iclası keçiriləcək. Nazir dekabrın 7-də isə OPEC və qeyri-OPEC nazirlərinin V görüşünə qatılacaq. Səfər çərçivəsində P.Şahbazovun bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

5-12-2018, 10:16



Fikirlər