“Neftçi”nin belə qələbələrə ehtiyacı yoxdur” - Ruslan Qurbanov

“Neftçi”nin belə qələbələrə ehtiyacı yoxdur” - Ruslan Qurbanov

"Neftçi"ni qələbə münasibəti ilə təbrik edirəm. Qalib gəlib, mövqelərini yaxşılaşdırdılar. Yaxşı oyun alındı. Düzdür, hakim bir az tempi aşağı salırdı. Amma bu, yenilməyimizin səbəbi deyil".

Realnews.Az "Report"a istinadən bildirir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XII turunda evdə "Neftçi"yə 0:2 hesablı məğlubiyyətdən sonra "Səbail"in futbolçusu Ruslan Qurbanov deyib.

27 yaşlı hücumçu matçın 52-ci dəqiqəsində qapılarına təyin olunan penaltinin düzgün olmadığını bildirib: "Orada top komanda yoldaşımın əlinə yox, sinəsinə dəymişdi. Hamı hər şeyi görür. Hakim haqda çox danışmaq istəmirəm. "Neftçi"nin belə qələbələrə, penaltilərə ehtiyacı yoxdur. Bu komanda iki dövrə ərzində dominantlıq edir, liderdir. Layiqli şəkildə birinci yerdə qərarlaşıblar. Ona görə də belə penaltilərə ehtiyacları yoxdur. Meydanda düzgün mübarizə aparmaq lazımdır. Həmin qol olmasa, matç başqa cür nəticələnə bilərdi. Hesabda 2 cavabsız qolla geri düşəndən sonra dönüş etmək çətin olur. Amma bu da bəhanə ola bilməz.

Biz qol vura bilmədik. Oyun zamanı baş hakimdən "penalti olduğunu kim sənə dedi?", - soruşdum. O da yan xətt hakimini nişan verdi. Görüşdən sonra yan xətt hakiminə özüm yaxınlaşdım və "sən penalti olduğun gördün?", - deyə soruşdum. O isə dedi ki, penalti olub-olmadığını bilmir. Aldatmaq nəyə lazımdır, hamımız böyük adamlarıq? Bu, düz deyil".

Qurbanov millidəki komanda yoldaşı Kamran Ağayevin UEFA Millətlər Liqasında Kosovo ilə həlledici matçda bilərəkdən iştirak etmək istəməməsi yönündə iddiaya da münasibət bildirib: "Kamranın belə şey etdiyinə inanmıram. Hamımız onu tanıyırıq. Uzun illərdir yığmada çıxış edir. İndi də komandanın kapitanıdır. Bütün bunlar şayiədir. Kamrana bu cür təzyiq göstərmək lazım deyil. Ona, bizim özümüzə də çətindir. Həlledici görüşdə uduzduq. Halbuki tarix yaza bilərdik.

Digər futbolçuların bilərəkdən zəif oynamalarına gəlincə, hər qarşılaşmada yaxşı çıxış etmək olmur. Hərdən kimdəsə alınır, kimdəsə yox. Bütün uşaqlar çalışdı. Təəssüf ki, bizdə alınmadı. Səhvlərdən nəticə çıxarıb, yolumuza davam etməliyik".

26-11-2018, 11:30



Fikirlər