Azərbaycanda 5 nəfərin öldüyü yanğının TƏFƏRRÜATI - 4-ü uşaq olub - YENİLƏNİB

Azərbaycanda 5 nəfərin öldüyü yanğının TƏFƏRRÜATI - 4-ü uşaq olub - YENİLƏNİB

09:34

Daşkəsən rayonunun Quşçu qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.

FHN-dən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.​

----------
09:04

Daşkəsən rayonunda beş nəfərin ölümü ilə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub.

Realnews.Az report-a istinadən bildirir ki, yanğın 1970-ci il təvəllüdlü Quşçu kənd sakini Tağıyeva Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası, ev sahibinin qızı da anasının yanında olduğuna görə, övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub. Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanatın dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və 1 baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğının evdə quraşdırılan odun sobasından başladığı və evə yayıldığı ehtimal edilir.

Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yalnız evin çardağının materialı (şiferin) yanıb parçalanandan sonra səsə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb və yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib.

---------
07:16

Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.


Ölənlər arasında 1, 6, 8 və 11 yaşlı dörd uşaq var:

Tağıyeva Sevinc Şahin qızı, 1990

Tağıyeva Aysun Asim qızı, 2010

Tağıyev Sakit Asim oğlu, 2012

Tağıyev Sadiq Asim oğlu, 2017

Ədilxanova Günel Qoşqar qızı, 2007

Yanğının başvermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

14-11-2018, 10:41



Fikirlər