Ötən il üzrə dövlət büdcəsinin mədaxili proqnozdan artıq olub

Ötən il üzrə dövlət büdcəsinin mədaxili proqnozdan artıq olubMaliyyə Nazirliyi 2014-cü il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, ötən il üzrə dövlət büdcəsinin mədaxili 18400,5 mln. manat, xərcləri 18699,3 mln. manat olub.

2014-cü il üzrə dövlət büdcəsinin mədaxili 18384,0 mln. manat proqnoza qarşı 18400,5 mln. manat və yaxud 0,1% çox olub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2% icra edilməklə dövlət büdcəsinə 7113,6 mln. manat vəsait təmin edilib ki, bu da ötən illə müqayisədə 449,6 mln. manat və yaxud 6,7% çoxdur. Həmin vəsaitin 60,5%-i və yaxud 4306,6 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2013-cü ilə nisbətən 539,7 mln. manat və yaxud 14,3% çoxdur.

2014-cü il üzrə Dövlət Gömrük Komitəsi proqnoza 100,1% əməl edərək büdcəyə 1510,8 mln. manat vəsait təmin edilib ki, bu da 2013-cü illə müqayisədə 9,2% və yaxud 127,6 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 207,3 mln. manat təşkil edib. 2014-cü ildə sair daxilolmalardan nəzərdə tutulan 35,0 mln. manata qarşı büdcəyə 231,8 mln. manat və yaxud proqnoza nisbətən 6,6 dəfə çox vəsait daxil olub ki, bu da 2013-cü illə müqayisədə 132,7 mln. manat və yaxud 2,3 dəfə çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 9337,0 mln. manat vəsait transfert edilib.
2014-cü ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4329,9 mln. manat icra olunub.

2014-cü ildə dövlət büdcəsinin xərcləri 93,2% və yaxud 18699,3 mln. manat icra edilib. Ötən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6005,8 mln. manat icra olunub.

Dövlət büdcəsi xərclərinin 24,0%-i və yaxud 4485,8 mln. manatı sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2013-cü illə müqayisədə 403,9 mln. manat və yaxud 9,9% çoxdur.

Funksional təsnifata uyğun olaraq 2014-cü ildə 2013-cü illə müqayisədə sosial müdafiə və sosial təminat xərclərinə 12,6% (220,8 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,9% (30,1 mln. manat), təhsil xərclərinə 8,2% (117,6 mln. manat), səhiyyə xərclərinə 7,5% (46,4 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 6,9% (19,1 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 5,2% (54,3 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 4,7% (18,8 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 3,5% (17,0 mln. manat), müdafiə xərclərinə 2,1% (31,1 mln. manat) çox vəsait yönəldilib.

2014-cü ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6259,0 mln. manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,5% olub.

2014-cü il üzrə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Dövlət büdcəsinin kəsiri 298,8 mln. manat təşkil edib və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.

Beləliklə, 2014-cü ilin icmal büdcəsinin gəlirləri 23038,2 mln. manat, xərcləri isə 21304,4 mln. manat icra olunub.

28-01-2015, 22:03



Fikirlər