Hövsanda 5-ci sinif şagirdi qaçırılıb? - DİN-dən açıqlama - YENİLƏNİB

Hövsanda 5-ci sinif şagirdi qaçırılıb? - DİN-dən açıqlama - YENİLƏNİB

13:48

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların "orqan mafiyası" tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib.

Realnews.Az bildirir ki, nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə report-un sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla, ümumiyyətlə, respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib:

"Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin "102-Zəng Mərkəzi" Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur".

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, guya uşaqlar "orqan mafiyası"nın üzvləri tərəfindən oğurlanıb.

----------
10:44

Dünən Hövsanda 5-ci sinif şagirdinin qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar valideynlər arasında təşvişə səbəb olub.

Realnews.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatda qız uşağının 281 nömrəli tam orta məktəbin giriş qapısında dəmiryığanlar tərəfindən qaçırıldığı iddia olunub.

Hadisə ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbdən bildirilib ki, yayılmış informasiya tamamilə yanlışdır:

"Dünən nəinki bizim məktəbin qarşısında, ümumiyyətlə, Hövsanda belə bir hadisə baş verməyib. Yayılmış informasiya ilə bağlı aidiyyəti qurumlara məlumat vermişik".

10-10-2018, 14:49



Fikirlər