Dolların kursu və neftin qiymətində dəyişikliklərin səbəbləri və proqnozlar

Dolların kursu və neftin qiymətində dəyişikliklərin səbəbləri və proqnozlar

Valyuta və eləcə də dünya bazarındakı son dəyişikliklər ilə bağlı daha çox müzakirə edilən məsələlər kursun, o cümlədən qiymətin necə dəyişməsi ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.



O, sentyabrda dollar satışının azalmasının səbəblərini belə açıqlayıb: "Belə ki, bu ilin sentyabr ayında valyuta hərraclarında 394,8 milyon dollar satılıb. Avqust ayında Dövlət Neft Fondu valyuta bazarına 733,7 milyon dollar satmışdı. Deməli, dollara tələb sentyabrda əvvəlki aya nisbətən 46,2 faiz azalıb. Sentyabrda dollar satışının azalması avqust ilə müqayisədə idxala tələbin aşağı düşməsi ilə bağlıdr.

Belə ki, avqust ayında yeni tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır və sahibkarlar sentyabrda, əsasən, idxal etdikləri məhsulları realizə edirlər. Eyni zamanda, Rusiyanın valyuta bazarındakı stabillik də Azərbaycanda dollara olan tələbin yumşalmasına təsir göstərdi. Sentyabrın 10-da 1 dollar almaq üçün 70 rubl ödəmək lazım idisə, ötən ayn 30-da bu göstərici 65 rubladək azaldı. Bu isə Azərbaycanın valyuta bazarında yığım məqsədli xarici valyuta tələbini aşağı salıb".



V.Bayramov dollara tələbin növbəti aylarda necə dəyişəcəyinə də aydınlıq gətirib: "Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən, ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir. Bu maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır".



Yüksək neft qiymətləri fonunda manatın möhkəmlənə bilməsinə gəlincə, iqtisadçı hesab edir ki, bu daha çox Mərkəzi Bankdan asılıdır: "Manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır. Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamağa çalışır. O baxımdan neftin qiymətinin yüksək olmasına baxmayaraq, manatın möhkəmlənməsinin hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır".

Mərkəzin rəhbəri hesab edir ki, neftin dünya bazar qiymətindəki son sıçrayış və artımlar İrana qarşı tətbiq edilən sanksiyalar fonunda OPEC+ formatının son toplantısında hasilatın daha da artırlması ilə bağlı razılıq əldə edə bilməməsi ilə əlaqədardır: "Eyni zamanda, sentyabrda hasilatın avqust ayı ilə müqayisədə kəskin artıracağı ilə bağlı vədlərə baxmayaraq, Səudiyyə Ərəbistanı neft ixracatını gündəlik cəmi 50 min barel artırıb. Bu müddətdə OPEC ölkələri üzrə ümumi gündəlik artım cəmi 90 min bareldir. Bu isə karterin sentyabr ayında gündəlik 32,85 million barel neft hasil etməsi deməkdir. Digər tərəfdən, İran və Veneseulada neft ixracatı azalır. İranın neft ixracatında ötən ay gündəlik 100 min barel azalma qeydə alınıb. Bu isə o deməkdir ki, İrana tətbiq edilən genişləndirilmiş sanksiyalar fonunda neftə olan qlobal tələbi tam ödəməkdə çətinliklər qalır. Bu isə neftin qiymətindəki artımları şərtləndirir. Tramp Administrasiyası isə hələlik neftin qiymətindəki artımları əngəlləməkdə maraqlı görsənmir. Əslində, ABŞ İrana yeni sanksiya tətbiq etməklə qiymət artımlarını təşviq edib".



Ekspert neftin qiymətinin necə dəyişəcəyi ilə bağlı proqnoz da verib: "Mövcud ssenarilərə uyğun olaraq, neftin qiyməti noyabrın 5-dən sonra İrana tətbiq edilən sanksiyaların ikinci mərhələsindən asılı olacaq. ABŞ İrandan neft idxal edən ölkələrə sanksiya tətbiq edərsə, o zaman neftin qiymətində yeni sıçrayış ola bilər. Bu, dünya bazarından gündəlik 1,1 milyon barel neftin çəkilməsi deməkdir. Bununla belə, orta və uzun müddətli dövr üçün neft bazarında yüksək qiymətlər proqnozlaşdırılmır. Güman olunur ki, dekabrdan başlayarq OPEK bazara daha çox neft çıxara biləcək və bu da tələbin tənzimlənməsinə imkan verəcək. Digər tərəfdən, noyabrda ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri neft bazarında qiymətin necə dəyişəcəyinə birbaşa təsir göstərəcək".

4-10-2018, 14:00



Fikirlər