Misirdə insan haqları üzrə nazirlik yaradılması təklif olunur

Misirdə insan haqları üzrə nazirlik yaradılması təklif olunur

Misirin Nümayəndələr Palatasının İnsan Haqları Komitəsinin üzvü Əli Abd əl-Vanis bu ölkədə insan haqları üzrə nazirlik yaradılması təklifi ilə çıxış edib.

AZƏRTAC “Al Youm əs-Sabia” nəşrinə istinadla xəbər verir ki, misirli deputatın sözlərinə görə, bu nazirlik öz fəaliyyətini insan haqları məsələləri ilə məşğul olan çoxsaylı səriştəli qurumlar və departamentlərlə, habelə ictimai təşkilatlarla əlaqələndirəcək. Komitə üzvü qeyd edib ki, bu nazirlik bütün sahələrdə, xüsusən, səhiyyə və təhsil sahələrində dövlət xidmətləri göstərilməsi məsələlərində tərəfdaşlıq münasibətlərini və əməkdaşlığı möhkəmlətməyə şərait yaradacaq. Onun fikrincə, “beləliklə, vətəndaşların keyfiyyətli xidmətlərdən istifadə etmək hüququ maksimum dərəcədə təmin olunacaq. Dövlət xidmətləri vətəndaşların hüquqlarını reallaşdırmaq üçün əsas mexanizmlərdən biridir”. Əl-Vanis fikrini izah edərək deyib: “Bəzi adamlar elə düşünür ki, insan haqları dedikdə yalnız həbsxanadakı məhbusların saxlanma şəraiti nəzərdə tutulur. Əslində isə bu, daha geniş və əhatəli anlayış olub, vətəndaşların həyatının səhiyyə, təhsil və bir sıra başqa sahələrinə şamil edilir”.

Komitə üzvü xüsusi vurğulayıb ki, həmin nazirlik bəzi şübhəli hüquq-müdafiə təşkilatları tərəfindən Misirə qarşı yayılan yalan informasiyaya cavab verilməsində böyük rol oynayacaq.

1-10-2018, 17:00



Fikirlər