Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq

 Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologya və Geofizika İnstitutunun (GGİ) seysmologiya və seysmik təhlükə şöbəsinin rəhbəri, dosent Qulam Babayev Fulbrayt Fondunun qrant dəstəyi ilə ABŞ-ın Miçiqan Universitetində elmi ezamiyyətini başa vurub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim ezamiyyət müddətində Miçiqan Universitetinin yer və ətraf mühit elmləri şöbəsinin professoru Natan Niyemi ilə birlikdə “Müasir metod və yanaşmalar vasitəsilə Böyük Qafqazın cənub yamacında mövcud olan seysmik təhlükənin qiymətləndirilməsi” mövzusuna dair tədqiqat işləri aparıb.

Elmi axtarışların nəticəsi olaraq hazırda Böyük Qafqazın 3D seysmogeodinamik modelinin hazırlanması nəzərdə tutulur. Bu da öz növbəsində müasir geodezik və seysmik məlumatların istifadəsi nəticəsində tədqiqat ərazisində aktiv deformasiyanın sürəti və lokalizasiyasını, həmçinin geoloji və termoxronoloji məlumatların istifadəsi nəticəsində uzunmüddətli zaman intervalında Böyük Qafqaz dağ silsiləsinin formalaşma sürətini müəyyənləşdirməyə imkan verəcək. Həmçinin seysmik təhlükələrin daha dəqiq qiymətləndirilməsinə və mövcud plitələr tektonikasının paradiqmasına yenidən baxılmasına zəmin yaradacaq.

Alınmış nəticələr tezliklə elmi ictimaiyyətin müzakirəsinə çıxarılacaq və çap üçün xarici jurnallara təqdim olunacaq.

9-04-2018, 11:20



Fikirlər