Azərbaycanda multikulturalizmin siyasi əsasları ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb

Azərbaycanda multikulturalizmin siyasi əsasları ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb


Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları fevralın 15-də Qəbələdən Şamaxıya qayıdıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxıda “Şirvan” hotelinin konfrans zalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənovun “Azərbaycan multikulturalizminin siyasi-hüquqi qaynaqları” və Mərkəzin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasovun “Azərbaycan multikulturalizminin ədəbi-bədii və fəlsəfi qaynaqları” mövzularında mühazirələri dinlənilib.

“Multikulturalizm Azərbaycanda tarixi inkişaf nəticəsində formalaşsa da, onun siyasi əsasları ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb və hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”, - deyən mühazirəçi Rəvan Həsənov müstəqillik qazandıqdan sonra Azərbaycanın BMT, ATƏT, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, etnik-milli azlıqlar və dini konfessiyalarla bağlı 50-dən çox beynəlxalq sənədə qoşulan Azərbaycan onları öz daxili qanunvericiliyində əks etdirib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ratifikasiya olunan, beynəlxalq sənədlərdə əks etdirilən normalar Azərbaycan Respublikasının Konstitusiyasında, müvafiq qanunvericilik aktlarında təsbit olunub və ölkədəki multikulturalizm mühitinin qorunması baxımından xüsusi önəmə malikdir.

Fəlsəfə doktoru Rəşad İlyasov isə mühazirəsində dünyada tanınan azərbaycanlı şair və filosofların yaradıcılığına istinadla, onların multikultural və tolerant düşüncələrini təsvir və təhlil edib. Mühazirə zamanı Azərbaycan ədəbiyyatında və fəlsəfi düşüncəsində multikulturalizm ideyaları nümunələr və iqtibaslar göstərilərək şərh edilib. Bildirilib ki, Azərbaycanın zəngin irsi dünya sivilizasiyasına və multikultural mühitinə tarixi, ədəbi-bədii və fəlsəfi düşüncə baxımından öz töhfəsini verib.

Mühazirələrdən sonra tələbələrin sualları cavablandırılıb.

Günün ikinci yarısında tələbələr İsmayıllı rayonunda molokanların yığcam yaşadığı İvanovka kəndinə səfər edib, yerli əhali ilə görüşüblər. Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarına kəndin tarixi və molokanların həyat tərzi, məişəti haqqında məlumat verilib. Bildirilib ki, İvanovka kəndinin əsası 1847–ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülən ruslar tərəfindən qoyulub. Son statistikaya əsasən, kənddə üç min nəfərdən artıq əhali yaşayır.

İvanovka Azərbaycanda yeganə kolxoz olan kənddir. Əsası 1930-cu ildə qoyulan kolxozda 1000-ə yaxın təsərrüfat qeydə alınıb. İvanovkada istehsal olunan məhsullar satış üçün respublikanın bir çox ərazisinə göndərilir. Buranın sakinləri tamamilə ruslar olsa da, adət-ənənələrində qədim rus ənənələri ilə yanaşı, Azərbaycanın adətlərini də görmək mümkündür.

“İvanovka folklor qrupu”nun ifaları VI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

15-02-2018, 13:03



Fikirlər