Güclü qar Ağsu aşırımında nəqliyyatın hərəkətini çətinləşdirib

Güclü qar Ağsu aşırımında nəqliyyatın hərəkətini çətinləşdirib Yanvarın 8-də saat 15 radələrindən başlayaraq yağan güclü qar Ağsu aşırımında nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradıb.

RealNews.az AzərTAca istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun 144-152-ci kilometrində, Ağsu aşırımının sərt keçidlərində qarın hündürlüyü 25-30 santimetrədək artıb. Ağsu istiqamətində daha aşağı ərazilərdə isə bu göstərici 10-12 santimetr təşkil edir.

Yanvarın 9-da sübh tezdən 12 nömrəli Ağsu Yol İstismar İdarəsi kollektivinin həyata keçirdiyi operativ tədbirlər yolda avtomobillərin hərəkətinin tamamilə kəsilməsinin qarşısını alıb. İdarənin 20 nəfərdən ibarət işçi qüvvəsinin, 1 qreyderin və ixtisaslaşdırılmış duzsəpən texnikanın köməyi ilə yolun təhlükəli əraziləri qardan təmizlənərək duz səpilib. Beləliklə də avtomobillərin hərəkətinin intensivliyi təmin olunub.

Hazırda yol işçiləri təmizləmə işlərini davam etdirirlər. Bunlara baxmayaraq, mütəxəssislər sürücülərə zəruri səbəb olmadan, xüsusilə nasaz və qış rejimi üçün uyğunlaşdırılmamış şinlərlə yola çıxmağı məsləhət görmürlər.

9-01-2015, 19:26



Fikirlər