Naxçıvanda Məhəmməd Peyğəmbərin mövludu günü qeyd edilib

Naxçıvanda Məhəmməd Peyğəmbərin mövludu günü qeyd edilib İslam aləmində müqəddəs sayılan günlərdən biri də hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən mövlud gecəsidir.

Mövlud gecəsi islam dininin banisi, onun təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin doğum günüdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidinə gəlib, Həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Çoxəsrlik tolerantlıq ənənələrinə malik olan Azərbaycanda dini-mənəvi dəyərlər tarixən müqəddəs hesab olunub, xalqımız humanizm və bəşəri ideyaların daşıyıcısı olan islami dəyərləri daim uca tutub. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycanda formalaşan dövlət-din münasibətləri və dini dəyərlərə sadiqlik nümunə gücündədir.

Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məscid binaları tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Hər il muxtar respublikada dini mərasimlərin, xüsusilə Məhəmməd Peyğəmbərin mövludu gününün geniş qeyd olunması da islami dəyərlərə hörmətin daha bir ifadəsidir.

Tədbirdə Qurani -Kərimdən ayələr oxunub, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanıb.

Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilib.

http://azertag.az/xeber/823664

9-01-2015, 19:16



Fikirlər