Bu il 17 qrip hadisəsi aşkarlanıb

Bu il 17 qrip hadisəsi aşkarlanıb


Bu ilin payız-qış mövsümü ilə əlaqədar olaraq, əhali arasında aparılmış müayinələr nəticəsində 17 qrip hadisəsi aşkarlanıb.

Realnews.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun təşkilat məsələləri üzrə müavini Ağaxanım Əliyeva bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (164 hadisə) 90 faiz azalma təşkil edir.

A.Əliyeva deyib ki, cari ilin müvafiq dövrü ərzində yuxarı tənəffüs yollarının digər mənşəli infeksiyaları ilə Respublika Müalicə-Profilaktika idarələrinə edilən müarciətlərin sayı 10 % azalıb: "Bu il ərzində yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə rotavirus, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meniqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib".

A.Əliyeva əlavə edib ki, bu ilin 11 ayı ərzində bütün planlaşdırılmış peyvəndlər üzrə yerinə yetirilmə 95-97 faiz olub: "Bu il əhali arasında poliomielit, difteriya, göy öskürək, qızılca, məxmərək müşahidə edilməyib. Respublika üzrə bu ilin ötən dövründə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ilkin vərəm hadisələrinin sayı (3641 hadisəyə qarşı 3658 hadisə) demək olar ki, eyni səviyyədə qalıb. Bu il vərəmin laborator aşkarlanma səviyyəsi yaxşılaşıb. Bu göstərici 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə respublika üzrə 48,5%-dən 55,5 %-dək artıb. Aparılan araşdırmalar göstərir ki, bu ilin 11 ayı ərzində əhali arasında kəskin bağırsaq infeksiyalarının səviyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1,1 % azalıb. Kəskin bağırsaq infeksiyası ilə bağlı ötən il 14921 hadisə, bu il 14751 hadisə aşkarlanıb. Törədicisi məlum olan kəskin bağırsaq infeksiyaları isə 4,3 % (5214 hadisəyə qarşı 5436 hadisə) artıb ki, bu da laboratoriya müayinələri ilə diaqnostikanın yaxşılaşdığını göstərir".

A.Əliyeva bildirib ki, bu il ərzində əhali arasında 333 ocaqda 561 qida zəhərlənməsi qeydə alınıb: "Qida zəhərlənməsinin səviyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 28,7 % (787 hadisəyə qarşı 561) azalıb. Respublika üzrə bu ilin 11 ayı ərzində 6 qarayara hadisəsi qeydə alınıb".

21-12-2017, 08:02



Fikirlər