Bu faciələr başımıza niyə gəlir?

Bu faciələr başımıza niyə gəlir?

Bəzi insanlarımız yenə də qardaş olub Hayastan-Azərbaycan musiqisi bəstələdilər...

Yaşından səlahiyyətindən, vəzifəsindən, əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan insanının beynində, qulağında, ruhunda bir çağırış səslənməlidir ki, mən kiməm, kiminlə qonşuyam, bu qonşu kimə söykənir və biz nə etməliyik...

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Regional məsələlər və Mədəniyyət komitələrinin üzvü, BDU-nun Tarix kafedrasının professoru Fəzail İbrahimli deyib.



Professorun sözlərinə görə, Azərbaycanın tarixində faciəvi günlər, demək olar ki, bütün təqvimimizi bürüyüb: "Məsələn, 1990-cı ilin Yanvar faciəsi, 1992-ci il fevralının Xocalı soyqırımı, 1918-ci il Mart soyqırımı, apreldə 1920-ci ilin Sovet işğalı, 1992-ci ildə Kəlbəcərin, mayda Şuşanın, Laçının işğalı və s. Yəni təqvimin 12 ayının təxminən 10-11 ayında faciəvi günlərimiz var. Onda sual olunur ki, axı bu nədir və niyə baş verir? Xalqın alın yazısıdır, yoxsa acizliyidir? Əgər taledirsə, ayrı-ayrı xalqlara bu müstəvidə yanaşsaq, ola bilməz ki, bir xalqa bu qədər faciəli tale yazılsın. Çünki Tanrı öz yaratdıqlarına həmişə müsbət, mütərəqqi tale yazır. Əgər acizlikdirsə, Azərbaycan xalqı tarixin bütün keşməkeşlərindən keçərək bu günə gəlib çata bilib. Tarixən sasanilər burada farslaşdırma, ərəblər ərəbləşdirmə, monqollar monqollaşdırma aparmaq istəyiblər. Yəni bu cür tarixi yaşamış xalq özünü qurbanlar hesabına yaşada bilib. O zaman bu faciələr nədən baş verir? Məncə, bütün bunlar Azərbaycanın geosiyasi mövqeyi, onun yeraltı-yerüstü sərvəti, ölkəmizə qarşı olan xarici iştahlar, dünya dövlətlərinin məkrli siyasəti və bunun qarşısında güclü olmaq ucbatından baş verir. Çünki xalq var, istənilən müqavimətə boyun əyir. Amma eləsi də var ki, əyilmir. Belə xaqların tarixində faciələr yaşanır və bu faciələr də bizim tariximizə hopub. Bu, əyilməz, müqavi bir xalqın, millətin tarixidir".



Millət vəkilinin fikrincə, yaxşı diqqət yetirsək, görərik ki, həmişə eyni ssenarilər, eyni icraçılar olub: "Tarixən faciəli günləri səhifələrinə fikir versək, görərik ki, eyni ssenarinin ayrı-ayrı səhifələri, epizodlarıdır. Ona görə də xalq bunu başa düşməlidir. Xalq anlamalıdır ki, 200 ildən artıq dövrdə xristian ağuşunda özünə qala qurmuş məkrli qonşularımız başımıza güllə və qumbara yağdıraraq ən yaxşılarımızı sıradan çıxarıb, tariximizə zədə vurub, torpaqlarımızı işğal edib. Yəni bu bitməmiş bir prosesdir. Bu məkrli niyyətlər öz istəyinə nail ola bilməyib. Həmişə müqavimətlə üzləşib. Ona görə də biz bu həqiqəti dərk etməliyik. Hər bir Azərbaycan insanının beynində, ruhunda bir çağırış səslənməlidir ki, mən kiməm, kiminlə qonşuyam, bu qonşu kimə söykənir və biz nə etməliyik".



F.İbrahimli hesab edir ki, azərbaycanlılar dahi Üzeyir Hacıbəyovun vəsiyyətinə əməl etməlidirlər: "Onun 1919-cu martın 31-də "Azərbaycan" qəzetində "31 mart" adlı bir yazısı çıxıb. Ü.Hacıbəyov mart soyqırımını təhlil edərək təxmini belə bir sonluq verib ki, bizim qarşımızda borc və vəzifələrimiz var. Vəzifəmiz ondan ibarətdir ki, tanrının bu millətə verdiyi bu müstəqillik halal haqqını yaşamaq, məmləkəti şərəflə yaşatmaq, buna hər dəqiqə, hər an hazır olmaqdır. Çox təəssüf ki, bu vəsiyyət müəyyən mənada, müəyyən məqamlarda pozulub. O mənada ki, 1920-ci ildə Şura hökuməti gəldi, qısa müddət sonra bəzi insanlarımız erməninin ağuşuna atıldı, yenə də qardaş olub Hayastan-Azərbaycan musiqisi bəstələdilər və s.".



Millət vəkili "biz nə etməliyik?" sualına belə cavab verib: "Dövlət səviyyəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunub. Bu günün olmasının özü artıq millətə bir mesajdır. Millət üçün qara bir gün elan olunub. Biz hamılıqla bu günün mahiyyətini başa düşməliyik, tarixçilər, siyasətçilər və s. düşmənə qarşı güclü olmaq zərurətini dərk etməlidirlər. Bunun üçün işimizdə halal, düşüncəmizdə güclü olmalıyıq. Qarşımızda bir şey durmalıdır - bu məmləkəti şərəflə necə yaşadıb qorumalıyıq, dövlətimizi necə gücləndirməliyik, düşməndən necə müdafiə olunmalıyıq, yaxamızı necə ələ verməməliyik. İnsanlar bu düşüncə ilə hərəkət etməlidir. Bununla bağlı elm sahəsində artıq ciddi addımlar atılıb. Vaxtilə 31 mart hadisələri tarixin qaranlıq səhifəsi kimi qatlanmışdı və Stepan Şaumyanın düşüncəsi müstəvisində belə təqdim olunurdu ki, guya Azərbaycanda vətəndaş müharibəsi baş verib və bolşeviklərin tərəfində olan qüvvələr qələbə çalıb. İndi hər şey aydın olub. Bununla bağlı çoxlu tədqiqatlar aparılıb, dissertasiyalar, monoqrafiyalar yazılıb və tarixin bu anı tarixi baxımdan işıqlandırılıb. İndi siə bunun təbliğatına böyük ehtiyac var. Dünyada "Xocalıya ədalət" şüarı altında necə kampaniya aparılırsa, mart soyqırımının da təbliğatı eləcə gücləndirilməlidir. Xarici ölkələrə gedən hər bir azərbaycanlının çantasında, qoltuğunda bununla bağlı müxtəlif dillərdə kitabçalar olmalıdır ki, əcnəbilərə təqdim etsinlər. Qoy baxanda onlarda da Azərbaycan haqqında müəyyən fikir yaransın. Ümumiyyətlə, bu iş dövlət səviyyəsində öz həllini tapıb. Qalanı millətin özünün psixologiyasından, həyata baxışından, ayrı-ayrı fərdlərin dövlətə və dövlətçiliyə yanaşmasından asılı olan şeydir".

31-03-2016, 07:57



Fikirlər