«Qaçqınkom»un sədrini kim əvəzləyəcək?

«Qaçqınkom»un sədrini kim əvəzləyəcək?

Əli Həsənov fəaliyyətsizliyinin güdazına gedir, nəvələrinin maşın kolleksiyası isə işini lap çətinə salıb

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaxın günlərdə vəzifəsindən azad ediləcək. Bu barədə Politika.Az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Əli Həsənovun işdən azad edilməsinin bir neçə səbəbi göstərilir. Həmin səbəblərdən biri kimi, onun qaçqınlar yaşayan rayonlarla ümumiyyətlə, maraqlanmaması, onların problemlərini həll etməməsidir. Qeyd edək ki, bu yaxınlarda komitə sədrinin adı qalmaqallı bir məsələyə qarışmışdı. Məlum olmuşdu ki, məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin əksəriyyəti rayonlarda yaşayan imkanlı adamlara, məmurlara verilib. Hətta bu işin üzərindən özünə biznes quran məmurların da olduğu aşkarlanmışdı.

Digər bir səbəb isə sonuncu devalivasiyadan sonra Füzuli və Ağcabədidə qəfil etiraz aksiyalarının başlanması və bu aksiyaların məhz qaçqınlar tərəfindən təşkil olunmasıdır. Analoji hadisənin Biləsuvardakı məcburi köçkünlərin yaşayış yerində də təkrarlanması işi xeyli çətin salmışdı. Həmin vaxt qaçqınlarla görüşə getməyi özünə rəva bilməyən komitə sədrinə bunu irad tutan rəsmi dairələr, onun artıq işinin öhdəsindən gələ bilmədiyini xatırladıblar.

Üçüncü səbəb kimi isə Əli Həsənovun nəvələri ilə bağlı yayılmış foto və videogörüntülər idi. Orada komitə sədrinin nəvələrinin 100 min manatlıq maşınlarını nümayiş etdirməsi, bahalı istirahət zonalarına səfərlər təşkil etmələri diqqəti çəkirdi. Bu isə dövlət qurumunun rəhbəri üçün təbii ki, mənfi hal idi. Düzdür, həmin vaxt ona kimsə buna görə söz deməsə də, sonradan rəsmi dairələr bu məsələnin də onun üçün problem yaratdığını diqqətinə çatdırıblar.

İndi hakimiyyət dairələrində yeni bir sual yaranıb. Orada deyilir ki, bundan sonra «Qaçqınkom»a kim rəhbərlik edəcək? Yəni, Əli Həsənovu kim əvəzləyəcək? Hələlik bununla bağlı hər hansı bir tutarlı məlumat mövcud deyil. Lakin yeni namizədin kimliyinin yaxın günlərdə məlum olacağı da istisna edilmir.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!

1-03-2016, 10:32



Fikirlər