AZƏRBAYCAN HƏR ZAMAN TÜRKIYƏNIN YANINDADIR

AZƏRBAYCAN HƏR ZAMAN TÜRKIYƏNIN YANINDADIR

Türkiyə Silahlı Qüvvələri ötən ilin yayından ölkənin cənub-şərqində terror hücumlarının hədəfindədir, bu qanlı aksiyalarda 200-dək hərbçi və polis həlak olub. Dörd ildir qonşu Suriyada davam edən vətəndaş müharibəsi Türkiyənin daxili və xarici təhlükəsizliyini təhdid edir. Müharibədən qaçıb Türkiyəyə sığınan 2 milyona yaxın suriyalı arasında Ankarada fevralın 17-də baş vermiş terrorun icraçısı olan Salih Nacar kimi nə qədər potensial terrorçunun gizləndiyini indi kim deyə bilər? Bu kamikadze terrorçuların ipinin kimlərin əlində olduğunu isə təxmin etmək mümkündür.
Vaxtilə dörd yandan düşmən əhatəsində qalsa da, Qurtuluş savaşından zəfərlə çıxmış Türkiyə Cümhuriyyətinin bu sınaqlardan da şərəflə keçəcəyi şübhəsizdir. prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Birliyimizə, bərabərliyimizə, gələcəyimizə qarşı sərhədlərimizdən kənarda və ya daxildə baş verən hücumlara misli ilə cavab verəcəyik. Türkiyə özünümüdafiə haqqından hər zaman, hər yerdə və hər vəziyyətdə istifadə edəcək".
Türkiyənin bölgədə və dünyada ən yaxın, ən etibarlı, ən sədaqətli müttəfiqi Azərbaycandır. Bu, əslində, müttəfiqlikdən daha çox, tarixi bağlılıq, əsl qardaşlıqdır. 1915-ci ildə Osmanlı Türkiyəsi Çanaqqalada ölüm-dirim savaşı verəndə Azərbaycan adlı dövlət yox idi, amma yüzlərlə azərbaycanlı türk qardaşları ilə çiyin-çiyinə vuruşurdu. Onlar bu savaşa ürəklərinin hökmü ilə getmişdilər. 1918-ci ildə Azərbaycan istiqlalını elan edəndə də qardaş köməyinə gələn yüzlərlə Osmanlı türkü bu yolda canını fəda etdi. İllərin rejim və siyasi quruluş tirələri iki qardaş xalqı bir birindən ayrı salsa da, ürəklər bir idi və 1991-ci ildə Azərbaycan müstəqilliyini təkrar qazanandan sonra tarixi qan bağları dövlətlərarası münasibətlərlə bərkidi. Bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir, amma qardaşlıq mahiyyəti bundan ucadır. Ölkəmizin 25 illik müstəqillik tarixi bunun təsdiqidir.
Azərbaycan üçün Türkiyə ilə, Türkiyə üçün də Azərbaycanla müttəfiqliyin yerini heç nə verməz. “Ölkələrimiz həmişə bir-birinə dayaq, arxa olacaq. Bizim gücümüz birliyimizdədir. Azərbaycan üçün Türkiyə ilə strateji əlaqələrə, Türkiyə üçün də Azərbaycanla münasibətlərə alternativ yoxdur və ola bilməz” - prezident İlham Əliyevin 2007-ci ildə Türkiyədə dediyi bu sözlər iki ölkə qardaşlığını çox dəqiq ifadə edir.
Qardaş ölkədə baş verən son acı hadisədə də Azərbaycan Türkiyənin yanında olduğunu dərhal bəyan etdi. “Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir. Azərbaycan xalqı həmişə olduğu kimi Türkiyə xalqının yanındadır” – Azərbaycan prezidentinin türkiyəli həmkarına göndərdiyi başsağlığı məktubunun son cümləsi ölkələrimiz arasında münasibətlərin həm də əzəl cümləsidir. Ankarada terror aktı baş verməsəydi, bu sözlər iki ölkə rəhbərinin 18 fevralda Bakıda nəzərdə tutulan görüşündə, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında mütləq səslənəcəkdi.
Yeri gəlmişkən, məlum terror olayı ilə bağlı Türkiyə-Azərbaycan zirvə görüşünün ertələnməsi çeşidli spekulyasiyalara da mövzu olub. Ərdoğanın Azərbaycana antirusiya alyansı yaratmaq üçün gəldiyi, Ankarada terrorun bu səfəri ertələmək məqsədi güddüyünü iddia edənlər var. 17 fevralın Türkiyədə “Pilotlar günü” kimi qeyd edildiyini və bu terror aktının Rusiya təyyarəsinin vurulmasına cavab olduğunu yazanlar da tapılır. Türkiyədə “Pilotlar günü” var, amma o, 17 fevralda deyil, 26 apreldə qeyd olunur. O ki qaldı Türkiyənin Azərbaycanı Rusiya əleyhinə alyansa sövq etməsinə, bunu ancaq ölkələrimizin tarixi qardaşlığını siyasi avantüralara alət etmək istəyənlər düşünə bilər.
Düzdür, bu gün Türkiyə-Rusiya gərginliyi Azərbaycan üçün və ümumilikdə regional təhlükəsizlik nöqteyi-nəzərindən arzuolunmaz haldır və Bakı bu vəziyyətdə seçim qarşısında qalmış kimi görünə bilər. Amma Azərbaycan rəhbərliyinin siyasəti hər zaman ölkəmizi regional çəkişmənin deyil, anlaşmanın, əməkdaşlığım mərkəzinə çevirmək istiqamətində qurulub. Bir neçə il öncə bəzi dairələr Azərbaycanı ABŞ-İran qarşıdurmasında da tərəf etməyə, seçim qarşısında qoymağa cəhd edirdi. O vaxt Bakı buna getmədi, əksinə, regionda gərginliyi azaltmaq yolunu tutdu. İndi bax, iş o yerə gəldi ki, hətta ABŞ İrana qarışı illərdən bəri davam edən sanksiyaları götürməyə başlayıb.
Azərbaycan Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə də strateji tərəfdaşdır. Bu ölkələrin münasibətlərinin 2015-ci ilin 24 noyabrından öncəki duruma gətirilməsində biz hamıdan çox maraqlıyıq və münbit siyasi şəraitdə bu yöndə təsirli vasitəçilik edə bilərik. Azərbaycan üçün Türkiyənin hər hansı bir ölkə ilə münaqişəyə girməsi, bu yolda siyasi, iqtisadi və sair resurslarını sərf etməsi arzuolunmazdır. Bu gün ölkələrimiz bütün məsələlərdə birlikdə hərəkət edir və bu birgəliyin daha möhkəm olması üçün izafi güc sərfinə gərək yoxdur. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan da güclü Türkiyə deməkdir və ölkələrimizin birinin bir yerdə itirdiyi digərinin də itkisi olacaq.

22-02-2016, 13:32



Fikirlər