Biznesmenin qətli ilə bağlı MARAQLI FAKT

Biznesmenin qətli ilə bağlı MARAQLI FAKT

Ağcabədi rayonunda keçən ilin oktyabrında törədilmiş və bu günlərdə üstü açılmış qətllə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayon bazarında valyutadəyişmə ilə məşğul olan 59 yaşlı Valeh İsmayılovu qətlə yetirən şəxslərdən biri onun qonşusu olub.

Həmin bazarda qəssablıqla məşğul olan 28 yaşlı Namiq Məmmədov oktyabrın 22-də günorta saatlarında özünə məxsus "VAZ 21015" markalı avtomobillə evə qayıdarkən yolda V.İsmayılovu görüb və onu maşına dəvət edərək evə aparacağını deyib. Bu zaman N.Məmmədovun tanışı, bazarda qəssab işləyən Xəyyam Salahov da maşında olub. Arxa oturacaqda əyləşən X.Salahov fiziki cəhətdən daha güclü olduğundan yaşlı və fiziki cəhətdən zəif V.İsmayılovu rahatlıqla boğub. V.Məmmədov da yubanmadan avtomobili şəhərdən kənara sürüb və Qarabağ kanalının yanına gətirib. Burada valyutadəyişmə ilə məşğul olan V.İsmayılovun cibindəki 8 min manatı götürən qəssablar onun cansız bədənini kanala atıb.

Bildirilir ki, V.İsmayılovun üzərindəki pullar manat, dollar və rubllardan ibarət olub.

Qətli törədən şəxslər ələ keçirdikləri pulu bölüşdürdükdən sonra normal həyatlarına qayıdıblar.

Araşdırmalar davam etdirilir.

17-02-2016, 14:11



Fikirlər